16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan kürüsünün ixracı 2,7 dəfə artdı – Bu ölkələrə satılır

Bu ilin 7 ayı ərzində Azərbaycandan 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb: “İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir. Kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər görülməkdədir”.

Məlumatda həmçinin Azərbaycana soyudulmuş və dondurulmuş balıq məhsullarının 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunduğu qeyd olunub: “İdxal olunan məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir. Məhsulların təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri, habelə orqanoleptik xüsusiyyətləri qiymətləndirilir və laborator müayinələrə cəlb olunur”, – məlumatda vurğulanıb.