Azərbaycan milli mətbuatı 151 il əvvəl Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə tarixdə yeni səhifə açıb. Bu, yalnız Azərbaycandilli ilk qəzet deyil, həm də milli oyanışın, maarifçiliyin və ictimai fikir tariximizin əsas sütunlarından biri olub. Həmin dövrdə cəmiyyətin maariflənməsi, milli kimliyin formalaşması və ana dilinin inkişafı naminə atılan addım sonrakı onilliklərdə Azərbaycan jurnalistikasının möhkəm təməlini yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Müstəqillik illərində milli mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xatırladan deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycanda söz və mətbuat azadlığının inkişafında dönüş nöqtəsinə çevrilib. Yeni qanunvericilik bazasının formalaşdırılması, informasiya texnologiyalarının sürətli inkişafı və medianın institusional güclənməsi Azərbaycan jurnalistikasını müasir dövrün tələblərinə uyğunlaşdırıb: “Bu gün media dövlətin informasiya təhlükəsizliyinin, ictimai etimadın və milli maraqların qorunmasının mühüm elementidir. Qloballaşan dünyada müharibələrin xarakteri dəyişib. Əgər bir vaxtlar dövlətlər əsasən silahlı qarşıdurmalarla üz-üzə qalırdılarsa, indi informasiya məkanı da ən mühüm mübarizə meydanlarından birinə çevrilib. Dezinformasiya, saxta xəbərlər, kiberhücumlar və psixoloji təsir kampaniyaları milli təhlükəsizliyə yönələn əsas təhdidlər sırasındadır”.
Könül Nurullayeva vurğulayıb ki, Azərbaycan bu reallığı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri zamanı aydın şəkildə görüb. “Ordumuz döyüş meydanında tarixi Qələbə qazandığı kimi, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Azərbaycan mediası cəmiyyəti operativ və etibarlı məlumatlarla təmin etdi, düşmənin yaydığı saxta xəbərləri faktlarla ifşa etdi və beynəlxalq auditoriyaya hadisələrin real mənzərəsini çatdırdı. Prezident İlham Əliyevin aparıcı beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələr isə Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Lakin hərbi əməliyyatların başa çatması informasiya mübarizəsinin bitməsi anlamına gəlmir. Əksinə, postmünaqişə dövründə informasiya müharibəsinin miqyası daha da genişlənib. Bu gün Azərbaycana qarşı müxtəlif platformalarda qərəzli məlumatların yayılması, tarixi faktların təhrif olunması və ictimai rəyin manipulyasiya edilməsinə yönəlmiş kampaniyalar davam edir. Bu isə göstərir ki, milli medianın qarşısında böyük məsuliyyət dayanır”, – deyə o diqqətə çatdırıb.
Deputat qeyd edib ki, milli media cəmiyyətin doğru informasiya almaq hüququnu təmin etməklə yanaşı, dövlətçilik maraqlarını, milli təhlükəsizliyi və həqiqəti müdafiə edən etibarlı informasiya platforması kimi fəaliyyətini davam etdirməlidir. Belə ki, 151 illik tarixə malik Azərbaycan mətbuatı ötən dövr ərzində çoxsaylı sınaqlardan keçib və hər dəfə peşəkarlığı, milli mövqeyi və məsuliyyəti ilə seçilib. Bu gün də dəyişən yalnız informasiya texnologiyaları və çağırışlardır. Dəyişməyən isə milli jurnalistikanın əsas missiyası – həqiqəti qorumaq, cəmiyyəti düzgün məlumatlandırmaq, milli maraqları müdafiə etmək və Azərbaycanın səsini dünyaya obyektiv şəkildə çatdırmaqdır. Məhz bu prinsiplər Azərbaycan mətbuatını gücləndirən əsas faktorlardır.
