Azərbaycan QHT-lərinin Xankəndidə Prezident İlham Əliyevə ünvanladıqları müraciət ölkəmizin son illərdə keçdiyi mühüm siyasi və tarixi mərhələnin vətəndaş cəmiyyəti tərəfindən dəstəklənməsi baxımından diqqətəlayiq hadisədir. Müraciətdə ifadə olunan fikirlər göstərir ki, Azərbaycan QHT sektoru dövlətin milli maraqlarını qorumaq, sülhün və sabitliyin möhkəmləndirilməsi prosesində fəal iştirak etməyə hazırdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənanyarlı söyləyib.
Qələbədən sonra yaranmış yeni reallıqların həm dövlət, həm də cəmiyyət qarşısında məsuliyyət yaratdığını vurğulayan QHT sədri deyib: “Bərpa edilən ərazi bütövlüyünün və suverenliyin qorunması yalnız hərbi və siyasi deyil, həm də hüquqi və sosial əsaslara söykənməlidir. Bu mənada QHT-lərin vətəndaş həmrəyliyini gücləndirən təşəbbüsləri çox önəmlidir. Dövlətimizin başçısının müraciətində xüsusi vurğulanan “Böyük Qayıdış” prosesi həm insan hüquqları, həm də sosial ədalət baxımından əhəmiyyətlidir. İnsanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmaları, onların sosial müdafiəsi və ədalətli resurs bölgüsü prioritet olmalıdır. QHT-lər bu istiqamətdə ictimai nəzarət, monitorinq və hüquqi maarifləndirmə fəaliyyətləri ilə prosesi daha şəffaf, daha dayanıqlı edə bilərlər”.
S.Bənanyarlı qeyd edib ki, Xankəndidə səslənən bu müraciət ümumilikdə Azərbaycan vətəndaş cəmiyyətinin dövlətin strateji kursuna həmrəyliyini nümayiş etdirir. Bu həmrəylik yalnız təntənə və dəstək deyil, eyni zamanda, məsuliyyət, hüquqi ədalət və sosial bərabərlik prinsiplərinə əsaslanıb.
“Əminəm ki, bu istiqamətdə dövlət, vətəndaş cəmiyyəti ilə beynəlxalq tərəfdaşlar arasında dialoq, əməkdaşlıq ölkəmizdə dayanıqlı sülhü və inkişafı möhkəmləndirəcək. Eyni zamanda, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki uğurları, strateji baxışları Azərbaycanın nüfuzunu yeni səviyyəyə yüksəldib. Dövlətimizin başçısının təşəbbüsü ilə regionda sabitliyi və əməkdaşlığı möhkəmləndirən mühüm layihələr uğurla reallaşdırılır, o cümlədən Zəngəzur dəhlizinin (TRIPP) açılması nəzərdə tutulub”, – deyən QHT sədri vurğulayıb ki, bu layihə Cənubi Qafqazda iqtisadi inteqrasiyanı, nəqliyyat və ticarət əlaqələrinin genişlənməsini təmin edəcək strateji təşəbbüslərdən biri kimi Azərbaycanın aparıcı rolunu daha da möhkəmləndirir. Prezidentin ardıcıl siyasəti sayəsində ölkəmiz bu gün regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın əsas təminatçısına çevrilib”, – deyə QHT sədri bildirib.
