Tarixi köklərə, sarsılmaz dostluğa söykənən Azərbaycan-Qırğızıstan əlaqələri günümüzdə keyfiyyətcə yeni, strateji mərhələyə yüksəlib. İki qardaş ölkə arasında diplomatik münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti dövründə qoyulub. Bu gün isə prezidentlər İlham Əliyevin və Sadır Japarovun səmimi dostluğu və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası və əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin yalnız siyasi müstəvidə deyil, real iqtisadi və regional layihələrlə dərinləşdiyini bir daha sübut etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, Azərbaycan və Qırğız xalqlarını ortaq dil, din, zəngin mədəniyyət və köklü tarixi ənənələr birləşdirir. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyində iştirakı ilə möhkəmlənən bu əlaqələr günümüzdə hər iki dövlət başçısının təltif edildiyi ali mükafatlarda – Prezident İlham Əliyevin I dərəcəli “Manas” ordeninə, Qırğızıstan Prezidenti Sadır Japarovun isə “Heydər Əliyev” ordeninə layiq görülməsində öz mənəvi zirvəsini göstərdi.
“Mədəni-humanitar sahədəki qardaşlıq dəstəyinin bariz nümunələrindən biri də işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan tərəfindən Ayköl Manas adına tam orta məktəbin inşasıdır. Bu nəcib təşəbbüs qırğız xalqının Böyük Qayıdış prosesinə verdiyi dəyərli mənəvi və əməli töhfədir. Bu gün Azərbaycan-Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir. İkitərəfli ticarət dövriyyəsinin sürətlə artması ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşları dinamik xarakter alıb. Səfər çərçivəsində qəbul edilən mühüm qərarlardan biri Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Bu addım sənaye, aqrar sektor, logistika və nəqliyyat sahələrində iri birgə layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar açır.
Eyni zamanda, İssık-Kul gölünün sahilində Azərbaycanın sərmayəsi ilə ərsəyə gələn beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi ölkəmizin Qırğızıstandakı uğurlu investisiya iştirakının və turizm tərəfdaşlığının əyani təzahürüdür. Qırğızıstana neft və neft məhsullarının müntəzəm tədarükü ilə bağlı razılaşmalar isə Azərbaycanın Mərkəzi Asiya regionunda etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir”, – deyə U.Mirzəyev vurğulayıb.
BAMF-ın rəhbəri əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın perspektivləri regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusən “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı ilə sıx bağlıdır. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qırğızıstan məhsullarının Avropa və dünya bazarlarına çıxarılmasında strateji qovşaq rolunu oynayır. Münasibətlərin geosiyasi miqyası Türk Dövlətləri Təşkilatı (TDT) və Mərkəzi Asiya ölkələri ilə inteqrasiya çərçivəsində daha da genişlənir. Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və region ölkələri ilə sıx dialoqu Cənubi Qafqazla Mərkəzi Asiya arasında həm iqtisadi, həm də təhlükəsizlik baxımından möhkəm körpü yaradır.
