Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdə və sonrakı ilk illərdə çox ciddi təhlükələr və risklərlə üzləşməsinə baxmayaraq daim regional sülhə, əməkdaşlığa töhfə verib. Müstəqilliyin ilk illərində Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi üçün təhlükə yaranmışdı, Ermənistan tərəfindən ölkə ərazilərinin bir hissəsi işğal olunmuşdu. Bundan başqa, bəzi xarici qüvvələr və dövlətlər Ermənistanı dəstəkləyərək, Azərbaycanın müstəqilliyini zəiflətməyə, ölkədə daxili qarşıdurma və vətəndaş müharibəsi yaratmağa cəhd edirdilər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi düzgün və uzaqgörən siyasət nəticəsində ölkə bu çətinliklərin öhdəsindən layiqincə gəldi, müstəqilliyini qorumağı bacardı, eyni zamanda, ərazi bütövlüyünü də bərpa etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
Bu illər ərzində Azərbaycanın regionun və dünyanın inkişafına xidmət edən iri iqtisadi və enerji layihələrinin həyata keçirilməsində bilavasitə iştirak etdiyini söyləyən A.Aslanlı deyib: “Bu layihələr sırasında Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa və Bakı–Novorossiysk neft kəmərləri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP layihəsi və Bakı–Tbilisi–Qars dəmir yolu xüsusi əhəmiyyət daşıyır. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına, enerji təhlükəsizliyinə və dövlətlər arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin imkanları daha da genişlənib. Torpaqlarımızın işğal altında olduğu dövrlərdə müxtəlif qüvvələr Azərbaycanın bəzi təşəbbüslərinə mane olmağa çalışsalar da, hazırda belə imkanlar xeyli məhdudlaşıb”.
Politoloq qeyd edib ki, Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri müxtəlif dövlətlər arasında maraqların toqquşmasını deyil, onların uzlaşdırılmasını təşviq etməkdir: “Bu baxımdan Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısıdır. Regionlar və dövlətlər qarşıdurma məkanına deyil, əməkdaşlıq və qarşılıqlı fayda mühitinə çevrilməlidir. Bu siyasət nəticəsində Azərbaycan Türk dünyasında, Trans-Xəzər əməkdaşlığında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində mühüm rol oynayır”.
“Dünyada çox az dövlət var ki, eyni vaxtda bu qədər müxtəlif istiqamətlərdə uğurlu diplomatik fəaliyyət göstərə bilsin. Bu uğurların əsasında vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış balanslaşdırılmış xarici siyasət kursu dayanır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, həm ərazi bütövlüyünün təmin olunmasına, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edib. Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənməyib, eyni zamanda, regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib. Məhz buna görə də Azərbaycanın əldə etdiyi uğurlar daha dayanıqlı və uzunmüddətli xarakter daşıyır”, – deyə A.Aslanlı vurğulayıb.
