Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin dayanıqlılığı təkcə iqtisadi göstəricilər və diplomatik imkanlarla deyil, həm də onların müdafiə potensialı və təhlükəsizlik institutlarının səmərəliliyi ilə müəyyən edilir. Bu baxımdan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə tarixi bir hadisənin ildönümü deyil, həm də müstəqil Azərbaycan dövlətinin təhlükəsizlik strategiyasının formalaşmasını və inkişafını qiymətləndirmək üçün mühüm bir fürsətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Qazi Universitetinin tədqiqatçı alimi Şəhla Aslan söyləyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı ölkənin dövlətçilik tarixinin ən mühüm istiqamətlərindən biridir. Müstəqilliyin ilk illərində qarşıya çıxan siyasi və hərbi çağırışlar göstərdi ki, suverenliyin qorunması üçün peşəkar, müasir və institusional əsaslara malik milli ordunun formalaşdırılması fundamental əhəmiyyət daşıyır. Sonrakı mərhələdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu müasir idarəetmə sistemi, texnoloji imkanları və peşəkar kadr hazırlığı ilə regionun aparıcı hərbi qüvvələrindən birinə çevrilib.
Hərbi güc anlayışı XXI əsrdə yalnız silahlanma ilə ölçülmür. Müdafiə sənayesinin inkişafı, hərbi təhsil sisteminin müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, kəşfiyyat imkanlarının gücləndirilməsi və strateji planlaşdırma ordunun effektivliyini müəyyən edən əsas amillər sırasındadır. Azərbaycanın son illərdə bu istiqamətlərdə həyata keçirdiyi siyasət təhlükəsizlik sahəsində uzunmüddətli institusional inkişaf modelinin formalaşdığını göstərir.
“Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq bu inkişaf prosesinin diqqətəlayiq komponentlərindən biridir. Ortaq tarix, dil və mədəni dəyərlər üzərində qurulan münasibətlər son illərdə hərbi təhsil, müdafiə sənayesi, birgə təlimlər və strateji planlaşdırma sahələrində daha sistemli xarakter alıb. Bu əməkdaşlıq modeli ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühitinin möhkəmlənməsinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın hərbi inkişaf modelini təhlil edərkən diqqətçəkən məqamlardan biri də dövlət, cəmiyyət və ordu arasında qarşılıqlı etimadın mövcudluğudur. Sosial həmrəylik, milli kimlik və vətəndaş məsuliyyəti təhlükəsizlik siyasətinin sosial dayaqlarını formalaşdırır. Bu baxımdan ordu yalnız müdafiə institutu deyil, həm də dövlətçilik ideyasının və milli birliyin mühüm elementidir.
Müasir geosiyasi proseslər fonunda regional təhlükəsizlik arxitekturası sürətlə dəyişir. Belə bir şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin institusional inkişafının davam etdirilməsi, müdafiə sənayesinin innovativ texnologiyalar əsasında gücləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi ölkənin milli təhlükəsizlik strategiyasının əsas istiqamətləri olaraq qalır.
26 İyun bu baxımdan yalnız tarixi yaddaşın bir hissəsi deyil, həm də Azərbaycanın müasir dövlətçilik modelində təhlükəsizlik, suverenlik və strateji inkişaf anlayışlarının qarşılıqlı əlaqəsini qiymətləndirməyə imkan verən əhəmiyyətli bir tarixdir. Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolu göstərir ki, müasir ordunun gücü təkcə hərbi imkanlarla deyil, güclü dövlət institutları, elmi-texnoloji inkişaf, peşəkar insan kapitalı və strateji idarəetmə ilə təmin olunur”, – deyə Şəhla Aslan qeyd edib.
