Ölkəmizə rəsmi səfər edən Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşadan başlayan proqramı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafının daha bir nümayişi idi. Şuşada Prezident İlham Əliyevlə aparılan müzakirələr, Bakıda təşkil olunan biznes-forum göstərdi ki, Bakı və Bratislava əməkdaşlığı siyasi dialoq başda olmaqla iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrlə zəngindir. Şuşada liderlərin mətbuata birgə bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə artıq real nəticələr verməyə başlayıb. Dövlətimizin başçısı Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakını xüsusi qiymətləndirərək Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini uğurlu əməkdaşlıq nümunəsi kimi göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, bu səfər, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin və Avropa İttifaqı-Cənubi Qafqaz əməkdaşlığının perspektivləri kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Bakı-Bratislava əməkdaşlığı artıq Avropa ilə Azərbaycan arasında daha geniş tərəfdaşlığın tərkib hissəsinə çevrilir. Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa İttifaqı ilə dialoqunda praqmatik yanaşmanı dəstəkləyən ölkələrdən biridir. Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Prezident Pelleqrininin çıxışında enerji böhranı dövründə Azərbaycanın Slovakiyaya verdiyi dəstəyə görə xüsusi təşəkkür etməsi və uzunmüddətli enerji əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulaması təsadüfi deyildi. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından biri kimi qəbul edildiyini nümayiş etdirir.
Deputat qeyd edib ki, səfərin digər mühüm cəhəti Qarabağın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi idi. Slovakiya şirkətlərinin Ağdam rayonunda “Ağıllı kənd” layihəsində iştirakı, Milan Rastislav Ştefanik adına məktəbin təməlinin qoyulması Avropa İttifaqı ölkələrinin regionda iqtisadi iştirakının da genişləndiyini göstərir. Bu proses Avropa şirkətlərinin postmünaqişə dövründə Cənubi Qafqazın inkişafına marağının artdığını nümayiş etdirir. Azərbaycan-Slovakiya biznes-forumunda isə sənaye, rəqəmsallaşma, logistika, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması da Avropa İttifaqı ilə iqtisadi inteqrasiyanın yeni istiqamətlərini ortaya qoydu. Burada əsas diqqət ticarətin artırılması ilə yanaşı birgə istehsalın, investisiyaların və texnologiya transferinin genişləndirilməsinə yönəldildi.
“Səfər həm də Avropa İttifaqı-Cənubi Qafqaz əməkdaşlığının gündəliyini əks etdirdi. Əsas diqqət enerji təhlükəsizliyi ilə yanaşı, nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar, yaşıl enerji, regional logistika və postmünaqişə nəticələrinin bərpası kimi istiqamətlər ön plana çıxır. Avropa Komissiyasının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıları gücləndirmək üçün yeni maliyyə təşəbbüsləri də regionun Avropa üçün artan geosiyasi əhəmiyyətini təsdiqləyir. Prezident Pelleqrininin Azərbaycanın regionda sabitliyin və inkişafın təmin edilməsində rolunu vurğulaması, həmçinin sülh prosesinə dəstək ifadə etməsi Avropa İttifaqının Cənubi Qafqaz siyasətində iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik və davamlı sabitlik amillərinə də artan diqqətini göstərir. Bu baxımdan Slovakiyanın mövqeyi Avropa İttifaqı daxilində Azərbaycanla praqmatik əməkdaşlığın genişləndirilməsini müdafiə edən yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər”, – deyə deputat qeyd edib.
N.Məmmədova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya, eyni zamanda, parlamentlər səviyyəsində də əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Prezident Pelleqrininin Milli Məclisdə keçirdiyi görüş parlament diplomatiyasının əhəmiyyətini ön plana çıxardı. Bir daha qeyd olundu ki, son illərdə qarşılıqlı səfərlər və parlamentlərarası memorandum əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
