“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, konfransın əsas məqsədləri BMT-nin Su Fəaliyyəti Gündəliyində əks olunan könüllü öhdəliklərin icrasını sürətləndirmək, yeni tərəfdaşlıqlar formalaşdırmaq, su ilə bağlı çağırışlara innovativ həllər təşviq etmək, həmçinin “Su Fəaliyyət Onilliyi” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə su ehtiyatlarının dayanıqlı idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma, kənd təsərrüfatında suyun səmərəli istifadəsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədr müavini İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. Bildirilib ki, ölkədə suvarma infrastrukturunun yenilənməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Konfrans “Gələcək üçün su”, “İnsanlar üçün su” və “Cəmiyyət üçün su” mövzularında keçirilən panel sessiyalar və müzakirələrlə davam edib.
