May 8, 2026-15:31
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr keçirildi

6-7 may tarixlərində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çilidə səfərdə olub.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı paytaxt Santyaqo şəhərində Azərbaycan və Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çili tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Patrisio Torres başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda tərəflər arasında ADA Universiteti ilə Çilinin “Andres Bello” Diplomatik Akademiyası arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Çili xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Paula Estevez Vaynştayn ilə görüşüb. Aparılmış müzakirələr zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi imkanlarına bir daha nəzər yetirərək, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Nümayəndə heyətimiz həmçinin Çili Milli Konqresi Senatının vitse-prezidenti (sədr müavini) İvan Moreira və Çili Milli Konqresi Senatının Xarici Əlaqələr Komissiyasının prezidenti Manuel Xose Ossandon, Çili Milli Konqresi Senatında Parlamentlərarası dostluq qrupunun yeni sədri, senator Roxo Edvards, Dostluq Qrupunun yeni üzvləri ilə görüşlər keçiriblər.

Aparılmış müzakirələr zamanı iki ölkə arasında parlament diplomatiyasının təşviqi, bu çərçivədə ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafına qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən “Andres Bello” Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib.