Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə təkbətək görüşü başa çatıb.
Bu barədə Teleqraf Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə də görüş keçirilib.
Görüş zamanı Azərbaycan-İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, həmçinin əməkdaşlığın daha sistemli inkişafı üçün Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində nazirlər Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbindən qarşılıqlı azadolma haqqında Sazişi, eləcə də Azərbaycan Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Regional məsələlərə dair müzakirələr zamanı tərəflər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Nazirlər hazırkı böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayıblar, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.
Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda Vaşinqton Sammitində əldə olunmuş tarixi razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.
Nazirlər həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı problemlər ətrafında fikir mübadiləsi aparıblar.
