Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, yeni fəaliyyətə başlamış Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rola malik oldu. Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, həmçinin bütün etnik və dini qrupların Parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki bu yüksək təmsilçilik, şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 23 ay ərzində bir sıra qanunlar qəbul etdi, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirdi.
“Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzuolunan səviyyəyə çatdırılmasından ibarət idi. Bu istiqamətdə 1919-cu ildə Bakı Dövlət Universiteti və bir çox digər təhsil müəssisələri yaradıldı. Eyni zamanda, şəffaf hüquq və məhkəmə sisteminin qurulmasına təkan verildi.
Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm işlər görüldü. Məhz dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində ölkəmiz dünyanın siyasi nizamının yenidən qurulduğu bir zamanda beynəlxalq hüququn subyektinə çevrilə bildi və bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.
28 May yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə əhəmiyyətli bir tarix olmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin öz inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal məqsədlərin hədəfləri ilə üst-üstə düşür”, – deyə M.Əfəndiyev bildirib.
Deputat xatırladıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın istiqlal arzusu ölmədi. Beləliklə 71 il sonra, 1991-ci ildə oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edildi və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.
Gələcək nəsillər üçün unudulmaz dövlətçilik əmanəti
“Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu və memarına çevrildi. Ümummilli Lider ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən, Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə məhz Xalq Cümhuriyyətindən miras qalan, bizi tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı iclas zalına gətizdirərək rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına heç nədən qorxmayaraq nail oldu”, – deyə M.Əfəndiyev əlavə edib.
O diqqətə çatdırıb ki, 30 ildən artıq bir müddətdə Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin edilməsində iradəmizi daha da möhkəmləndirdi, bütün platformalarda bizə mənəvi güc verdi. Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, suveren Azərbaycanın bütün ərazilərində dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Azərbaycan Respublikasının Milli Məclisi də dövlətçilik ənənələrinə öz ehtiramını nümayiş etdirərək 2021-ci ildə “Müstəqillik günü haqqında” Qanunu təsdiq etdi. Həmin Qanuna əsasən Azərbaycanda 28 May Müstəqillik Günü, Oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu, dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
“Bu gün isə dünya siyasi arxitekturasının yenidən formalaşdığı bir dövrdə Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin, Zəfərin əbədi qalmasını təmin edir. Prezident İlham Əliyevin söylədiyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”, – deyən deputat fikrini yekunlaşdırıb.
