“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” (ƏOŞTİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və “Şəhərsalma və Memarlıq İli“ çərçivəsində həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsini başa çatdırıb.
Bu barədə AZƏRTAC-a ƏOŞTİ-dən məlumat verilib.
Bildirilib ki, layihədə nəzərdə tutulan fəaliyyətlər uğurla icra olunub. Belə ki, ƏOŞTİ və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Bakı Urban Həftəsi çərçivəsində və WUF13 zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib.
Layihənin partnyoru olan Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkəni təmsil edən əlilliyi olan şəxslərin təşkilatlarının təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər təşkil edilib. Həmçinin müxtəlif qurumları təmsil edən şəxslər üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda ikigünlük təlim keçirilib.
Növbəti mərhələdə “Müyəssər Azərbaycan” proqramı çərçivəsində ölkəmizdə ilk dəfə “Azərbaycanın Müyəssərlik Xəritəsi – AMX (Azerbaijan Accessibility Map – AAM)” yaradılıb. Müxtəlif monitorinq metodlarından istifadə edilməklə elektron məlumat bazalarında (saytlarda), inzibati binalarda, təhsil və səhiyyə müəssisələrində, mədəniyyət və idman obyektlərində, parklarda, hotellərdə, ictimai-iaşə obyektlərində, küçələrdə, piyada keçidlərində, ictimai nəqliyyatda və dayanacaqlarda, sosial xidmət müəssisələrində və digər ictimai məkanlarda monitorinqlər aparılıb. Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında həyata keçirilib. 154 qurumun saytlarının rəqəmsal müyəssərliyinin monitorinqi aparılıb, 45 qurumda isə həm rəqəmsal, həm də müyəssərliyin monitorinqinin digər formalarından (fiziki, müşahidə, keçmiş məlumatlar) istifadə olunub. Qeyd edilən fəaliyyətlərin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdırılaraq Azərbaycanın Müyəssərlik Xəritəsinin saytı yaradılıb. Sayta Bakı və respublikanın digər zonalarından 45 məkan barədə məlumatlar daxil edilib. Azərbaycanın Müyəssərlik Xəritəsində məlumatlar daim yenilənir. Əlilliyi və müyəssərlik üzrə təcrübəsi olan, bu sahədə şəxsi və kollektiv müşahidə aparan hər kəsin təqdim etdiyi məlumatlar (yazı, foto, video) Azərbaycanın Müyəssərlik Xəritəsinə yerləşdirilə bilər. Bunun üçün materiallar info@udpo.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd edək ki, “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədəki müyəssərlik xəritələrinin inteqrasiya edilməsi üzərində də iş aparılır.
