Azərbaycan xalq təbabətində aterosklerozun müalicəsində bir sıra dərman bitkilərindən istifadə edilir.
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva AZƏRTAC-a açıqlamasında bildirib ki, bu məqsədlə bataqlıq gəcəvəri (Acorus calamus L.), mavi göyümçiçək (Polemonium caeruleum L.), adi heyva (Cydonia oblonga Mill) və dəniz soğanı – anzur (Allium oreoprasum Schrenk.) xalq təbabətində geniş istifadə olunub.
Onun sözlərinə görə, bataqlıq gəcəvərinin kökümsovundan hazırlanan toz yaddaş, görmə və eşitmə zəifliyi zamanı tətbiq edilib. Mavi göyümçiçəyin kökündən hazırlanan dəmləmənin isə qanda xolesterinin səviyyəsinin aşağı salınması, sinir sisteminin fəaliyyətinin tənzimlənməsi və damarların funksional vəziyyətinin yaxşılaşdırılması məqsədilə istifadə olunduğu qeyd edilir. Professor bildirib ki, fitonsidlərlə zəngin adi heyva meyvəsi aterosklerozla əlaqəli baş ağrıları və damar spazmaları zamanı faydalı hesab olunub. Dəniz soğanı – anzur isə qədim dövrlərdən başgicəllənmə, unutqanlıq, əl titrəməsi və görmə zəifliyi kimi hallarda müxtəlif formalarda tətbiq edilib.
Mütəxəssis vurğulayıb ki, bu məlumatlar Azərbaycanın xalq təbabəti ənənələrinin və etnobotaniki irsinin mühüm hissəsidir. Eyni zamanda qeyd olunub ki, ateroskleroz ciddi ürək-damar xəstəliyidir və xalq təbabətinə aid məlumatlar tarixi mənbə kimi qiymətləndirilməlidir. Hər hansı bitki mənşəli vasitədən istifadə isə yalnız həkim və ya mütəxəssis məsləhəti əsasında həyata keçirilməlidir.
