Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva və Etnobotanika laboratoriyasinin əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyevanın həmmüəllifi olduqları Ipomoea cinsinin (Sarmaşıqkimilər – Convolvulaceae) seçilmiş növlərinin tozcuqlarının mikromorfoloji xüsusiyyətlərinin dəyişkənliyi və bu xüsusiyyətlərin taksonomik əhəmiyyəti adlı elmi məqalə yüksək impakt faktorlu, Q2 kateqoriyalı jurnalının 2026-cı il buraxılışında dərc olunub.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Məqalədə Ipomoea cinsinə aid seçilmiş növlərin tozcuqlarının mikromorfoloji xüsusiyyətləri işıq mikroskopiyası (LM) və skanedici elektron mikroskopiyası (SEM) vasitəsilə ətraflı tədqiq edilib. Tədqiqat zamanı tozcuqların ölçüsü, ekzina qalınlığı, tikanların xüsusiyyətləri və səth ornamentasiyası kimi mühüm palinoloji əlamətlər müqayisəli şəkildə öyrənilib. Aparılan analizlər nəticəsində növlər arasında tozcuqların morfoloji göstəricilərinə görə əhəmiyyətli fərqlər müəyyən olunub və bu əlamətlərin növlərin taksonomik identifikasiyasında etibarlı diaqnostik meyar olduğu göstərilib. Tədqiqatın nəticələri bir-birinə morfoloji cəhətdən yaxın olan Ipomoea növlərinin dəqiq ayırd edilməsində palinomorfoloji əlamətlərin etibarlı diaqnostik meyar olduğunu bir daha təsdiqləyir.
Məqalə bitki sistematikası, palinologiya və taksonomiya sahələrinə mühüm elmi töhfə olmaqla yanaşı, bu istiqamətlərdə aparılan gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi baza yaradır.
