Qırğızıstanda Mərkəzi Asiya Ölkələri Mediatorlarının Konsorsiumunun təşkilatçılığı ilə IV Beynəlxalq Mediasiya Yay Məktəbi keçirilib. Yay məktəbi çərçivəsində “Transsərhəd mediasiya: Sinqapur və Honkonq konvensiyaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasının 17 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.
Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru Venera Əsgərova AZƏRTAC-a açıqlamasında bildirib ki, konfrans Mərkəzi Asiya ölkələrinin mediatorlarının əməkdaşlığının genişləndirilməsi, transsərhəd mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Sinqapur Konvensiyasının tətbiqi ilə bağlı hüquqi mexanizmlərin müzakirəsi məqsədilə təşkil olunub.
Konfrans hibrid formatda keçirilib və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan, Sinqapur, Belarus, Rusiya, Avstriya və digər ölkələrdən mediasiya sahəsində tanınmış ekspertləri, mediatorları, dövlət qurumlarının nümayəndələrini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib.
Beynəlxalq konfransın proqramına uyğun olaraq gün ərzində Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycanın mediasiya qanunvericiliyi, Sinqapur Konvensiyasının əsas müddəaları, Honkonq modeli, transsərhəd mediasiya sazişlərinin tanınması və icrası, beynəlxalq mediasiya mərkəzlərinin institusional təcrübəsi, ailə mübahisələri üzrə transsərhəd mediasiya, elektron sənəd dövriyyəsi, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlərə həsr olunmuş məruzələr təqdim edilib.
V.Əsgərova beynəlxalq tədbirdə Azərbaycan mediasiya institutunun yaranması və inkişafı, bu sahədə həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə məlumat verib. O, qeyd edib ki, ölkəmizdə mediasiyanın inkişafı məhkəmə-hüquq islahatlarının mühüm istiqamətlərindən biri kimi formalaşıb və bu gün mübahisələrin alternativ həlli mexanizmi olaraq özünü getdikcə daha geniş şəkildə doğruldur.
“Azərbaycanın mediasiya təcrübəsinin beynəlxalq platformalarda təqdim olunması və digər ölkələrin təcrübələrinin öyrənilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə transsərhəd mübahisələrin həllində mediasiyanın imkanlarının genişləndirilməsi, mediatorlar arasında peşəkar əməkdaşlığın gücləndirilməsi və beynəlxalq standartların tətbiqi bu sahənin gələcək inkişafında mühüm rol oynayır. Bu baxımdan, Sinqapur və Honkonq konvensiyalarının müzakirəsinə həsr olunan belə bir beynəlxalq tədbir mediatorlar arasında təcrübə və fikir mübadiləsi baxımından olduqca faydalıdır”, – deyə V.Əsgərova vurğulayıb. O əlavə edib ki, Azərbaycan mediasiya institutunun inkişafında əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq çərçivəsində bölüşməklə yanaşı, digər ölkələrin qabaqcıl təcrübələrindən faydalanmağa və mediasiyanın daha da təkmilləşdirilməsinə xüsusi önəm verir.
