Fransada keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalının qalibləri elan olunub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi Briv Film Festivalının iki mükafatına layiq görülüb.
Film festivalın “Münsiflər heyətinin xüsusi mükafatı”nı almaqla yanaşı, həm də “Tamaşaçıların ən sevimli filmi” mükafatını qazanıb.
Xatırladaq ki, festivalın ilk günündə nümayiş olunan film tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Nümayişdən sonra bəzi izləyicilər rejissora yaxınlaşaraq film boyu göz yaşlarına hakim ola bilmədiklərini bildirərək, onu belə təsirli ekran əsərinə görə təbrik edirdilər.
