İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.
Daha sonra AZƏRTAC-ın inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir daha ehtiramla anılıb.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, 151 illik inkişaf yolunun 106 ilində AZƏRTAC da yer alıb.
Ümummilli Lider Heydər Əliyevin mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyini, söz və məlumat azadlığını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etdiyini vurğulayan V.Əliyev diqqətə çatdırıb ki, Ulu Öndərin təşəbbüsü ilə senzuranın ləğvi milli medianın azad və peşəkar inkişafına geniş imkanlar yaradıb. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
İdarə Heyətinin sədri bildirib ki, süni intellekt, sosial media və rəqəmsal texnologiyaların inkişafı media mühitini köklü şəkildə dəyişərək xəbər agentlikləri qarşısında operativlik, etibarlılıq, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə kimi yeni vəzifələr müəyyənləşdirib. AZƏRTAC-da da bu çağırışlara uyğun yenilənmə və inkişaf tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Agentliyin kollektivini əlamətdar gün münasibətilə təbrik edən Vüqar Əliyev onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
