Azərbaycan Mərkəzi Bankının (AMB) son üç ildə qət etdiyi yol əvvəlki 20 ildən daha böyük olub.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda innovasiya sahəsində böyük bir təşkilatlanma və hərəkətlilik müşahidə olunur, artıq müəyyən uğurlar da əldə edilir: “AMB-nin son üç ildə qət etdiyi yol bəlkə də ondan əvvəlki iyirmi ildən artıq dövrdə əldə olunan nəticələrdən daha böyük və daha sürətli olub. Təbii ki, burada texnologiyaların inkişafı mühüm rol oynayır. Lakin bu yeniliklərin mənimsənilməsi də böyük zəhmət tələb edir. Minlərlə insanın, on minlərlə sektor iştirakçısının bu prosesdə əməyi var. Assosiasiya olaraq sektora daha çox dəstəyin cəlb olunmasına çalışırıq. Bununla yanaşı, anlayırıq ki, bu, yeni formalaşan və yeni tənzimlənən bir sahədir. Həm tənzimləyici qurumlar, həm də bazar iştirakçılarının müəyyən tələbləri mövcuddur. Bu tələblərin qarşılanması üçün sektora dəstək, təşviq və motivasiya vacibdir”.
