Azərbaycan Texniki Universiteti (AzTU) 2026/2027-ci tədris ilində ödənişli təkrar ali təhsil almaq istəyənlər üçün əyani və qiyabi təhsil formaları üzrə sənəd qəbulu elan edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qəbul beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, statistika, kompüter elmləri, aerokosmik mühəndislik, cihaz mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kimya mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, nəqliyyat mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, sənaye mühəndisliyi və nəqliyyatda servis ixtisasları üzrə aparılacaq.
Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ internet ünvanı vasitəsilə həyata keçirilir.
Sənəd qəbulu avqustun 31-dək davam edəcək.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron və rəsmi qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.
Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili fərqli olan və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilib. Təhsil Azərbaycan və rus dillərində aparılır.
