Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. Layihə çərçivəsində Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertə Xalq artisti Yalçın Adıgözəlov rəhbərlik edib.
Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”nı səsləndirilib.
Həmçinin tamaşaçılar Niyazinin “Arzu”, Arif Məlikovun “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piazzollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərlərini dinləmək imkanı əldə ediblər.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri-mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
