“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən çərçivəsində keçirilən “Evlərimiz, gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı” adlı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, müasir dövrdə ev anlayışı insanlar üçün fiziki yaşayış məkanı anlamından çox-çox geniş məna kəsb edir:
“Uşaqlar üçün isə ev sağlam inkişaf mühitidir, təhsil və qayğı xidmətlərinə çıxışdır, oyun və sosiallaşma imkanlarıdır. Evin digər mühüm mənası isə ailədir, uşağın özünü eşidilən, qorunan və dəyərli hiss etdiyi ilk sosial mühitdir. Bu baxımdan, “adekvat mənzil”, ev və şəhər mühitinin planlaşdırılması zamanı əsas prioritetlər nəzərə alınmalıdır”.
Dövlət Komitəsi sədri bildirib ki, bu gün dünya sürətli urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərsizliklər və məcburi köçkünlük kimi mürəkkəb çağırışlarla üz-üzədir:
“Təəssüf ki, bu proseslərin təsirini ən həssas şəkildə hiss edən qruplardan biri məhz uşaqlardır. Qeyri-rəsmi yaşayış məntəqələrində, həssas və münaqişədən təsirlənmiş mühitlərdə yaşayan uşaqlar çox zaman mənzilə, keyfiyyətli təhsilə, səhiyyə xidmətlərinə və təhlükəsiz ictimai məkanlara çıxış baxımından ciddi çətinliklərlə üzləşirlər. Biz hesab edirik ki, şəhərsalma və mənzil siyasəti insan hüquqları, xüsusilə, uşaq hüquqlarına əsaslı yanaşma üzərində qurulmalıdır. Uşaqların gündəlik həyat təcrübələri və ehtiyacları şəhər planlaşdırılması proseslərinə sistemli şəkildə inteqrasiya edilməlidir”.
