Bakı Slavyan Universiteti (BSU) nüfuzlu “Times Higher Education” tərəfindən açıqlanan “THE Sustainability Impact Rankings 2026” reytinqində mövqeyini yaxşılaşdıraraq ötənilki 1500+ diapazonundan 1001+ diapazonuna yüksəlib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu nəticə BSU-da dayanıqlı inkişaf istiqamətində həyata keçirilən sistemli fəaliyyətin və beynəlxalq səviyyədə əldə olunan nailiyyətlərin göstəricisidir. 2026-cı il üzrə “THE Sustainability Impact Rankings” reytinqində iştirak edən 1600-dən çox ali təhsil müəssisəsi arasında Bakı Slavyan Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə uğurlu nəticələr əldə edib. Belə ki, universitet DİM 5 – gender bərabərliyi üzrə 201-300-cü diapazonda yer alıb. DİM 1 – yoxsulluğa son, DİM 13 – iqlim dəyişikliyinə qarşı mübarizə və DİM 16 – sülh, ədalət və güclü institutlar istiqamətləri üzrə 401-600-cü diapazonda qərarlaşıb. Eyni zamanda, DİM 4 – keyfiyyətli təhsil və DİM 10 – bərabərsizliyin azaldılması üzrə 601-800-cü, DİM 3 – sağlamlıq və rifah, eləcə də DİM 8 – layiqli əmək və iqtisadi artım üzrə 801-1000-ci diapazonda nəticə göstərib. Universitet DİM 17 – məqsədlər naminə tərəfdaşlıqlar istiqaməti üzrə isə 1001-1500-cü diapazonda yer alıb.
Qeyd edək ki, əldə edilən nəticələr universitetdə inklüziv təhsil, gender bərabərliyi, sosial rifah, iqlim fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir.
