Avqust 18, 2026-16:06
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bakı və Daşkənddəki dostluq parklarının icra vəziyyəti müzakirə edilib

Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatov Bakıda səfərdə olan Özbəkistanın Daşkənd şəhər merinin müavini Azizxon Şovkatov ilə görüşüblər.

Bu barədə Teleqraf-a Komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ərazi planlaşdırması, dayanıqlı şəhər inkişafı və müasir şəhər mühitinin formalaşdırılması sahələrində peşəkar əməkdaşlığın, təcrübə mübadiləsinin və yeni birgə təşəbbüslərin genişləndirilməsi imkanlarına toxunublar.

“Əsas diqqət Bakı şəhərində “Özbəkistan Parkı”nın və Daşkənd şəhərində “Azərbaycan Parkı”nın yaradılması layihələrinə, onların icra vəziyyətinə və qarşıdakı mərhələlərə yönəldilib. Bildirilib ki, bu layihələrin əhatə etdiyi ərazilər iki ölkə arasında dostluğun, qardaşlığın və qarşılıqlı hörmətin rəmzi olmaqla yanaşı, hər iki paytaxtın sakinləri və qonaqları üçün müasir istirahət məkanlarına çevriləcək.

Həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyəti də qeyd olunub. Forumun tarixində ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən “Liderlər Seqmenti”ndə Özbəkistan Respublikası Prezidentinin iştirakının iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığı vurğulanıb”, – məlumatda qeyd olunub.