“Report” xəbər verir ki, tədbirdə Respublika Çernobıl Əliləri İttifaqı Birliyinin sədri Mirhəsən Həsənov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirak ediblər.
M.Həsənov bu faciənin tarixindən, Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakından danışıb.
C.Xəlilov çıxışında qeyd edib ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daima diqqət və qayğı göstərilir.
R.İskəndərli də öz növbəsində faciədə sağlamlığını itirənlərin həyatının yaxşılaşdırılması üçün atıla biləcək addımlar barədə fikirlərini bölüşüb.
Tədbirin sonunda “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin (İB) sədri Mirhəsən Həsənov səsvermə nəticəsində növbəti dəfə İB-in sədri seçilib.
Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimalındakı Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciəyə səbəb olmuşdu. Partlayış nəticəsində Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materiallar atmosferə buraxıldı. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi, 4000-27000 arası insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr kənar məsafədə yaşayan bir çox insan fəlakətdən sonra şüalanma səbəbindən xəstəlik tapıblar.
