Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Bioinformatika” ixtisaslaşması biologiya, molekulyar genetika, kompüter elmləri, riyazi modelləşdirmə, statistik analiz və süni intellekt metodlarının inteqrasiyasına əsaslanan, müasir elmin və biotexnologiyanın ən sürətlə inkişaf edən multidissiplinar istiqamətlərindən biridir. Bu ixtisaslaşma çərçivəsində magistrantlar genomika, transkriptomika, proteomika, biostatistika, bioməlumatların emalı və vizuallaşdırılması, böyük həcmli bioloji məlumatların (Big Data) analizi, alqoritmlərin hazırlanması, bioinformatik proqram təminatı və verilənlər bazalarının tətbiqi, eləcə də maşın öyrənməsi və süni intellekt texnologiyalarının bioloji və tibbi tədqiqatlarda istifadəsi üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, tələbələr genom ardıcıllıqlarının təhlili, biomarkerlərin müəyyənləşdirilməsi, genetik variasiyaların qiymətləndirilməsi, fərdiləşdirilmiş tibb yanaşmalarının tətbiqi və bioloji proseslərin hesablama üsulları ilə modelləşdirilməsi istiqamətlərində peşəkar kompetensiyalar formalaşdıracaqlar.
İxtisaslaşmanın məzunları elmi-tədqiqat institutlarında, universitetlərdə, tibbi-genetik və molekulyar diaqnostika laboratoriyalarında, biotexnologiya və əczaçılıq şirkətlərində, genom və molekulyar biologiya mərkəzlərində, süni intellekt və məlumat analitikası üzrə fəaliyyət göstərən texnologiya şirkətlərində, kənd təsərrüfatı və aqrobiotexnologiya müəssisələrində, ictimai səhiyyə və epidemioloji monitorinq qurumlarında, həmçinin bioinformatika, genomika və biotibbi məlumatların analizi istiqamətində fəaliyyət göstərən beynəlxalq elmi layihələrdə və tədqiqat konsorsiumlarında bioinformatika mütəxəssisi, genom məlumatları analitiki, biostatistik, tədqiqatçı, verilənlər analitiki, proqramçı-analitik və digər müvafiq vəzifələrdə fəaliyyət göstərə biləcəklər.
