Bakı Dövlət Universitetində (BDU) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Karyera görüşləri” adlı tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd universitetin tələbə və məzunlarını Xidmətdə mövcud olan karyera imkanları, vakansiyalar və təcrübə proqramları haqqında məlumatlandırmaq, onların dövlət sektorunda peşəkar fəaliyyətə marağını artırmaq olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ƏMDX Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Hüsaməddin Əlizadə, Təlim, inkişaf və qiymətləndirmə sektorunun müdiri Şəmistan Şəmistanzadə tədbir iştirakçılarını Xidmətin tarixi, yaranma mərhələləri və əsas fəaliyyət istiqamətləri ilə tanış ediblər. Təqdimatda Xidmətin strukturuna daxil olan qurumlar, həyata keçirdiyi layihələr, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri, rəsmi sosial şəbəkə hesabları, tələbə və məzunlara yönəlmiş təcrübə və könüllülük fəaliyyətləri öz əksini tapıb.
Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə və məzunlar üçün nəzərdə tutulan yeni təcrübə proqramları və iştirak imkanları da diqqətə çatdırılıb. Bildirilib ki, yer quruluşu, torpaq və şəhər kadastrı, geodeziya mühəndisliyi, ekologiya, torpaqşünaslıq və aqrokimya, aqronomluq və aqromühəndislik kimi ixtisaslar üzrə təhsil alan tələbələr qeyd olunan təcrübə proqramında iştirak edə bilərlər.
Tədbir çərçivəsində iştirakçılar Xidmətin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran sualları ünvanlamaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
