Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsi təsadüfi deyildi. Həmin dövrdə Azərbaycan inkişaf səviyyəsinə görə regionun qabaqcıl məkanlarından biri idi. Xüsusilə neft amili Bakının iqtisadi və mədəni inkişafında mühüm rol oynayırdı. Şəhər müxtəlif xalqların nümayəndələrinin yaşadığı, mütərəqqi ideyaların formalaşdığı və intellektual mühitin inkişaf etdiyi mühüm mərkəzə çevrilmişdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlu səsləndirib. Onun sözlərinə görə, Azərbaycan ziyalılarının fəaliyyəti, Nəriman Nərimanovun təşəbbüsləri və Bakıda keçirilmiş mühüm elmi-mədəni tədbirlər Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda təşkil olunması üçün əlverişli zəmin yaratmışdı.
“Birinci Türkoloji Qurultaydan sonra baş verən proseslər hamıya məlumdur. Lakin bir həqiqət dəyişməyib – Bakı hər zaman türkologiyanın əsas mərkəzlərindən biri olub. Təsadüfi deyil ki, “Sovetskaya Tyurkologiya” jurnalı da Bakıda nəşr edilirdi. Bu fakt Azərbaycanın türkologiya sahəsində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Ümummilli Lider Heydər Əliyevin Türk dünyası ilə bağlı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Bu istiqaməti uzun illər araşdıran tədqiqatçı kimi deyə bilərəm ki, Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəldikdən sonra türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. O, 1995-ci ildə Qırğızıstanda “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirlərdə, daha sonra Türkmənistan və Qazaxıstanda keçirilən beynəlxalq forumlarda iştirak edib. Qırğızıstandakı çıxışlarından birində xüsusi vurğulayırdı ki, sovet dövründə öz ana dilində sərbəst danışmaq mümkün deyildi, bu gün isə bunun mümkün olması böyük xoşbəxtlikdir”, – deyə müsahibimiz xatırladıb. O bildirib ki, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyəti də ardıcıl xarakter daşıyır.
“Naxçıvan Zirvə Görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bütün sahələrdə böyük potensiala malik olduğunu və bu potensialın sıx əməkdaşlıq vasitəsilə reallaşdırılmasının vacibliyini vurğulamışdı. Burada söhbət ərazi baxımından birləşmədən deyil, siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsindən gedirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultaylarından birinin Azərbaycanda keçirilməsi də bu siyasətin davamı idi. Həmin qurultayda Türk dünyasının gələcəyi, ortaq əməkdaşlıq istiqamətləri, vahid ümumtürk əlifbası məsələsi geniş müzakirə olunurdu. Mən həmin tədbirin iştirakçısı olmuşam və bu müzakirələrin türk dövlətləri arasında inteqrasiyanın inkişafı baxımından əhəmiyyət daşıdığının şahidi olmuşam”, – deyə türkoloq bildirib.
Türkoloq vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı iqtisadi potensialı, geostrateji mövqeyi və beynəlxalq nüfuzu baxımından dünyanın mühüm regional birliklərindən birinə çevrilməkdədir.
“Bu prosesdə Azərbaycanın rolu danılmazdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, siyasi və iqtisadi imkanları təkcə türk dövlətləri üçün deyil, Avropa və digər region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə Birinci Türkoloji Qurultayın 100 illiyinin Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürməsi tamamilə məntiqi addımdır. Bu tədbirin yüksək səviyyədə təşkil olunması son illər həyata keçirilən siyasətin məntiqi nəticəsi olmaqla yanaşı, gələcək inteqrasiya proseslərinin də davamı olacaq. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı mövqeyinin möhkəmlənməsində dövlətimizin başçısının liderlik keyfiyyətləri də mühüm rol oynayır.
Dövlətlərin beynəlxalq nüfuzu onların rəhbərlərinin siyasi iradəsi və liderlik keyfiyyətləri ilə sıx bağlıdır. Güclü liderlər dövlətlərin inkişafına istiqamət verir. Prezident İlham Əliyev regionun güclü liderlərindən biridir və Azərbaycanın Türk Dövlətləri Təşkilatında mövqeyinin daha da möhkəmlənməsində xüsusi rol oynayır. Əminəm ki, Azərbaycan bundan sonra da türk dövlətləri arasında aparıcı rolunu qoruyacaq və həyata keçirilən bütün təşəbbüslər ölkəmizin milli maraqlarına, nüfuzunun daha da artmasına və gələcək inkişafına xidmət edəcək”, – deyə Güllü Yoloğlu fikrini yekunlaşdırıb.
