Birləşmiş Ərəb Əmirlikləri İsrail şirkətlərinə noyabrın sonunda Dubayda keçiriləcək beynəlxalq aerokosmik sərgi olan Dubai Airshow-da iştirakını qadağan edib. Bu barədə Bloomberg adı açıqlanmayan məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Qətərdə HƏMAS rəhbərliyinin iqamətgahını vurduqdan az sonra Dubay Airshow-un təşkilatçıları İsrailin müdafiə şirkətlərini tədbirdə iştirak edə bilməyəcəkləri barədə xəbərdar ediblər. Mənbə əlavə edib ki, rəsmi izahat “peşəkar keyfiyyətlərin olmaması” olub, amma əslində bu, siyasi qərardır. İsrail Müdafiə Nazirliyi Bloomberg-ə bildirib ki, “şounun təşkilatçılarından bildiriş” alıb, lakin ətraflı məlumat verməkdən imtina edib.
Dubay Airshow-a hazırlıqla tanış olan TASS mənbəsi ən böyük beynəlxalq aerokosmik sərgilərdən birində İsrail şirkətlərinin iştirakına qadağa qoyulması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, müvafiq qərar sentyabrın 9-da – İsrailin Dohaya zərbə endirdiyi gün qəbul edilib. Tədbirdə Elbit Systems, Israel Aerospace Industries və Rafael Advanced Defence Systems kimi ən böyük İsrail müdafiə şirkətlərinin məhsullarının təqdim ediləcəyi gözlənilirdi. BƏƏ Müdafiə Nazirliyi və Dubay hökumətinin mətbuat xidməti şərh sorğusuna cavab verməyib.
