Beynəlxalq Dəniz Təşkilatı gəmiləri təhlükəsizlik zəmanəti olmadan Hörmüz boğazından keçməməyə çağırıb. Bu barədə Londonda yerləşən BMT agentliyinin nümayəndəsi TASS müxbirinə bildirib.
“Vəziyyət qeyri-sabit olaraq qalır. Gəmilər son dərəcə ehtiyatla hərəkət etməli və təhlükəsizlik zəmanəti olmadan özlərini riskə məruz qoymamalıdırlar”, – deyə o bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi. ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton yekun razılaşma əldə olunana qədər İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirəcək. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İranın ABŞ dəniz blokadası tamamilə aradan qaldırılana qədər boğazı bağladığını elan etdi. İİKK gəmi sahiblərini İranın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırdı və Trampın Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlamalarını “etibarsız” adlandırıb. (Tass)
