Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas konturlarını və beynəlxalq tərəfdaşlarla münasibətlərə yanaşmasını aydın şəkildə əks etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
BMTM sədri qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda Avropa təsisatlarının Azərbaycana münasibəti daha praqmatik yanaşmaya əsaslanmalıdır.
“Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik fonunda Azərbaycanın Avropa İttifaqı üçün etibarlı strateji tərəfdaş kimi əhəmiyyəti daha da artır. Belə bir şəraitdə Avropa Parlamentinin vaxtaşırı Azərbaycana münasibətdə siyasi motivli qətnamələr qəbul etməsi İttifaqın uzunmüddətli strateji maraqları ilə uzlaşmır. Bu, eyni zamanda, Avropa İttifaqının müxtəlif institutlarının Azərbaycana yanaşmalarında mövcud fərqləri də nümayiş etdirir. Avropa Komissiyası qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xəttini davam etdirdiyi halda, Avropa Parlamenti bəzi hallarda bu strateji yanaşmadan fərqli siyasi mövqe sərgiləyir”, – deyə Fərid Şəfiyev vurğulayıb.
Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr obyektivlikdən, beynəlxalq hüququn fundamental prinsiplərindən və Cənubi Qafqazda formalaşmaqda olan sülh gündəliyindən uzaqdır.
“Bu sənədlər regiondakı mövcud reallıqları tam əks etdirmir və artıq geridə qalmış münaqişə ritorikasını yenidən siyasi gündəliyə gətirmək cəhdi kimi qiymətləndirilməlidir”, – deyə F.Şəfiyev əlavə edib.
O bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Cozef Borrelin fəaliyyəti dövründə Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər ciddi zərbə almışdı. Bunun səbəblərindən biri isə onun korrupsiya iddiaları ilə gündəmə gəlmiş bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ilə yaxın əlaqələridir. “Bu il Luis Moreno Okampo və oğlu Tomas Moreno Okamponun korrupsiya əməllərinin ifşa edildiyi videoyazılar ictimaiyyətə təqdim olundu. Həmin materiallarda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin keçmiş köməkçilərindən biri ilə təmaslar, eləcə də həmin şəxs vasitəsilə Avropa Parlamentində müxtəlif təşəbbüslərin irəli sürülməsi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə təzyiq göstərilməsi və Avropa məhkəmələri vasitəsilə qurumla Azərbaycan arasında enerji əməkdaşlığına təsir göstərmək cəhdləri barədə iddialar yer alır. Xatırladım ki, bu, Luis Moreno Okamponun adı hallanan ilk belə hadisə deyil. BMTM tərəfindən onun fəaliyyəti ilə bağlı geniş araşdırmalar aparılıb və 2023-cü ildə onun qanunsuz fəaliyyətləri, eləcə də maddi-siyasi maraqlar naminə beynəlxalq konvensiyaları yanlış təfsir etməsi ilə bağlı arqumentlərin yer aldığı və onun “ekspert rəyinin” əsassız və qərəzli xarakterini ortaya qoyan hesabat dərc edilmişdi. Bu səbəbdən hesab edirəm ki, Avropa institutları tərəfindən belə hallar sükutla qarşılanmamalı, etik normalara riayət olunmasına cavabdeh olan müvafiq qurumlar tərəfindən hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır”, – deyə BMTM sədri vurğulayıb.
