Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun doktorantı palinoloji analizlərin aparılması metodologiyasını mənimsəyərək bu sahədə nəzəri və praktiki biliklərini təkmilləşdirib. Tədqiqat çərçivəsində doktorant dissertasiya işi üzrə tədqiq etdiyi Orobanş cinsinə aid mübahisəli bitki növlərinin palinoloji analizlərini həyata keçirib, əldə olunan nəticələr əsasında həmin növlərin sistematik mövqeyinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparıb.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan bildirilib.
Tədqiqatçı qeyd edib ki, palinologiya tozcuq dənələrini və sporları öyrənən elm sahəsidir: “Mübahisəli növlərin dəqiq identifikasiyası üçün məhz bu metod seçilib. Tozcuq dənələrinin forması, ölçüsü və səth quruluşu növlərin fərqləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bu əlamətlərin əsas üstünlüyü onların zaman keçdikcə dəyişməz qalmasıdır. İllər ötsə belə, tozcuq dənələrinin quruluşu öz sabitliyini qoruyur. Bu xüsusiyyət mübahisəli növlərin dəqiq müəyyənləşdirilməsinə və etibarlı təyinedici açarların hazırlanmasına imkan yaradır. Orobanş cinsinə aid bitkilər xlorofilsiz, tam parazit həyat tərzi keçirən növlər olduğundan onların taksonomik tədqiqi mürəkkəb elmi məsələlərdən biri hesab olunur. Bu bitkilərin yarpaqsız və yaşıl piqmentsiz gövdəyə malik olması onların morfoloji əlamətlər əsasında dəqiq fərqləndirilməsini çətinləşdirir. Bu səbəbdən tədqiqat zamanı növlərin identifikasiyasının dəqiqləşdirilməsi məqsədilə palinoloji metoddan istifadə edilib”.
Tədqiqatlar Hacettepe Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Gülşən Zarenin elmi rəhbərliyi ilə həyata keçirilib. Botanika İnstitutu ilə Hacettepe Universiteti arasında mövcud elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi ezamiyyət doktorantın dissertasiya tədqiqatında müasir analiz metodlarının tətbiq imkanlarını genişləndirib, eləcə də əldə olunan elmi nəticələrin dəqiqliyinin və etibarlılığının artırılmasına töhfə verib.
