Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir. Bu proqramın əsas məqsədi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə həyatın yenidən qaytarılması, uzun illər öz doğma torpaqlarından ayrı düşmüş vətəndaşların təhlükəsiz şəkildə yurdlarına qayıtmasının təmin edilməsidir. Bu proses təkcə məcburi köçkünlərin geri dönüşü deyil, həm də milli birliyin, tarixi ədalətin və dövlətin inkişaf strategiyasının təzahürüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, uzun illər ərzində öz doğma yurdlarından uzaqda yaşamağa məcbur olmuş insanların Qarabağ və Şərqi Zəngəzura qayıtması onların konstitusion hüquqlarının bərpası deməkdir: “İnsanların ata-baba torpaqlarında yenidən məskunlaşması, öz evlərini qurması, təsərrüfat fəaliyyəti ilə məşğul olması və sosial həyata inteqrasiya olunması bölgənin dirçəlişinə mühüm töhfə verir. Bu qayıdış insanların doğma torpaqlara bağlılığını gücləndirir, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə şərait yaradır”.
“Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycanın iqtisadi gücünü və təşkilati imkanlarını nümayiş etdirir. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması istiqamətində böyük layihələr həyata keçirilir. Müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar, mədəniyyət ocaqları və idman qurğuları inşa olunur. Bununla yanaşı, yeni avtomobil yolları, dəmir yolları, tunellər, körpülər, elektrik stansiyaları, su anbarları və digər infrastruktur layihələri bölgənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır.
Böyük Qayıdış proqramının mühüm xüsusiyyətlərindən biri də müasir şəhərsalma prinsiplərinin tətbiq edilməsidir. Azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan yaşayış məntəqələri yaradılır. Bu layihələr rəqəmsal texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrindən istifadə və dayanıqlı inkişaf prinsipləri ilə seçilir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunmur, həm də gələcəyin yaşayış məkanları kimi formalaşdırılır”, – deyə N. Həsənov vurğulayıb.
Deputatın sözlərinə görə, əhalinin bölgəyə köçürülməsi iqtisadi fəallığın artmasına da şərait yaradır: “Yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, turizmin, xidmət və sənaye sahələrinin inkişafı bölgənin iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına imkan verir. Bu isə həm yerli əhalinin rifahının yüksəlməsinə, həm də ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərir”.
“Böyük Qayıdış prosesi beynəlxalq miqyasda da diqqətçəkən nümunələrdən biri hesab olunur. Çünki qısa müddət ərzində geniş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması və insanların doğma torpaqlarına mərhələli şəkildə qaytarılması dövlətin güclü idarəetmə və planlaşdırma qabiliyyətini göstərir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın quruculuq və inkişaf modelinin uğurlu nümunəsi kimi qiymətləndirilir”, – deyə o əlavə edib.
