AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən şimal-qərb bölgəsinə daxil olan rayonlarda tütün əkini kampaniyası artıq başa çatıb. Builki mövsümdə ASC tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Cəmiyyətdən verilən məlumata görə, bu il tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 390,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən cari mövsümdə şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilib. Kampaniya dövründə torpaq mülkiyyətçiləri Şəki rayonunda 383,6, Zaqatalada 277,1, Qaxda 80,2, Balakəndə 44, Oğuz rayonunda isə 28 hektar sahəyə tütün şitilləri köçürüblər. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Bölgədə tütün yığımına iyunun ikinci yarısında başlanılması nəzərdə tutulur.
