Cəbrayıl Rayon Mərkəzi Xəstəxana kompleksi 4,6 hektar ərazidə inşa olunur və işğaldan azad edilən ərazilərdə pilot layihə kimi icra edilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətində şöbə müdiri Cabir Muradov bildirib.
Cabir Muradov qeyd edib ki, 150 çarpayılıq kompleks əsas xəstəxana binası ilə yanaşı, bir neçə ixtisaslaşmış korpusdan ibarətdir. Buraya yoluxucu xəstəliklər, hemodializ və digər tibbi xidmətlərin göstəriləcəyi bölmələr daxildir.
Onun sözlərinə görə, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, eləcə də Təcili Tibbi Yardım Stansiyası üçün ayrıca binalar da inşa olunur.
Şöbə müdiri deyib ki, xəstəxananın təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub, 2024-cü ildən isə tikinti işlərinə start verilib. Kompleksin 2027-ci ilin sonuna tam başa çatdırılması, 2028-ci ildə isə istifadəyə verilməsi nəzərdə tutulur.
Poliklinika binası 4 mərtəbədən ibarətdir və əsas binanın A blokunun 1-ci mərtəbəsində funksional və şüa diaqnostika şöbələrinin yerləşdirilməsi planlaşdırılır. Həmin bölmələrin mərhələli şəkildə 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinədək ambulator xidmətlərə hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.
Cabir Muradov əlavə edib ki, ümumi tikinti işlərinin 55 faizi tamamlanıb. Xəstəxana müasir tibbi avadanlıqlarla – kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və rəqəmsal rentgen cihazları ilə təchiz olunacaq. Müəssisədə qəbul və təcili yardım, cərrahiyyə, pediatriya, terapiya, reanimasiya, tibbi bərpa və fizioterapiya şöbələri fəaliyyət göstərəcək və əhaliyə yüksək səviyyəli tibbi xidmət təqdim olunacaq.
