Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çinin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Onlardan biri də Bakı Dövlət Universitetinin SABAH qruplarının psixologiya ixtisası üzrə məzunu Rəvan Əlizadədir.
Rəvan Əlizadə AZƏRTAC-a müsahibəsində bildirib ki, Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Universitet illərindən etibarən psixologiya və elmi-tədqiqat sahəsinə xüsusi maraq göstərən məzun müxtəlif tədqiqat layihələrində, beynəlxalq tədbirlərdə və könüllülük fəaliyyətlərində iştirak edib.
Onun sözlərinə görə, Çin Hökumətlərarası Təqaüd Proqramı haqqında xaricdə təhsil imkanlarını araşdırarkən məlumat əldə edib. Bu proqram onun üçün sadəcə xaricdə təhsil almaq deyil, həm də fərqli akademik mühitdə özünü inkişaf etdirmək və beynəlxalq təcrübə qazanmaq imkanı yaradıb.
“Mən Çinin Şimal-Şərq Normal Universitetində (Northeast Normal University) tətbiqi psixologiya ixtisası üzrə magistratura təhsili almaq hüququ qazanmışam. Bu seçimin əsas səbəblərindən biri psixologiya üzrə bakalavr təhsilimin davamı olaraq daha çox tətbiqi istiqamətdə ixtisaslaşmaq istəyimdir. Tətbiqi psixologiya psixoloji bilikləri təhsil, təşkilati mühit, insan resursları və digər sosial sahələrdə praktik şəkildə tətbiq etmək imkanı yaradır. Psixologiya üzrə təhsil aldığım müddətdə bu sahənin yalnız nəzəri biliklərdən ibarət olmadığını, cəmiyyətin müxtəlif problemlərinin həllində mühüm rol oynadığını gördüm. Buna görə də daha müasir və beynəlxalq yanaşmaları öyrənmək, xüsusilə tətbiqi psixologiya sahəsində biliklərimi genişləndirmək istəyirəm.
Seçim prosesi bir neçə mərhələdən ibarət idi və hər mərhələ ciddi hazırlıq tələb edirdi. Sənədlərin hazırlanması, universitet və ixtisas seçiminin müəyyənləşdirilməsi, müraciətin düzgün şəkildə təqdim olunması prosesin əsas hissələrindən idi. Mənim üçün ən çətin mərhələ isə akademik məqsədlərimi və gələcək planlarımı qarşı tərəfə aydın şəkildə izah etmək oldu. Çünki mən bu təqaüdü sadəcə xaricdə təhsil almaq imkanı kimi görmürəm. Mənim konkret akademik və peşəkar məqsədlərim var idi və əsas məsələ onları düzgün ifadə etmək idi.
Çinin Şimal-Şərq Normal Universitetinin güclü akademik mühiti və Çinin təhsil sistemində tutduğu mövqe seçimimdə mühüm rol oynadı. Çini seçməyimin əsas səbəblərindən biri bu ölkənin təhsil, elm, texnologiya və innovasiya sahələrində əldə etdiyi nailiyyətlərdir. Fərqli sosial və mədəni mühitdə psixologiyanı öyrənmək mənə insan davranışına daha geniş və beynəlxalq baxış bucağından yanaşmağa imkan verəcək”, – deyə Rəvan Əlizadə əlavə edib.
Müsahibimiz bildirib ki, təhsil aldığı müddətdə əsas məqsədi tətbiqi psixologiya sahəsində müasir nəzəri və praktiki biliklər əldə etmək, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, universitetin laboratoriya və tədqiqat imkanlarından maksimum faydalanmaq, beynəlxalq akademik əlaqələr qurmaq, həmçinin Çin dilini və mədəniyyətini öyrənməkdir.
Rəvan Əlizadə vurğulayıb ki, gələcəkdə həm akademik, həm də praktiki istiqamətdə fəaliyyət göstərmək, müasir psixoloji tədqiqat metodlarını Azərbaycanda tətbiq etmək, tədqiqat mühitinin inkişafına töhfə vermək, gənc mütəxəssislərin yetişdirilməsinə dəstək olmaq və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir.
Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrini də bölüşən Rəvan Əlizadə qeyd edib ki, bu cür proqramlara yalnız diplom əldə etmək və ya xaricdə yaşamaq imkanı kimi yanaşmaq düzgün deyil. Gənclər ilk növbədə hansı sahədə inkişaf etmək istədiklərini müəyyənləşdirməli, təqaüd proqramlarını vaxtında araşdırmalı, müraciət prosesinə ciddi yanaşmalı və uğursuzluqdan çəkinməməlidirlər. Düzgün hazırlıq və əzmlə çalışmaq nəticəsində beynəlxalq təhsil imkanlarından faydalanmaq mümkündür.
