Füsunkar təbiəti ilə gözoxşayan Laçın rayonunun ərazisində yerləşən dağlarda müalicəvi və şəfalı bitkilər yetişir. Laçın sakini, 78 yaşlı Osman Həsənov mövsüm boyu bu bitkiləri tədarük edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bitkilərin faydasını, şəfasını yaxşı bilən Osman Həsənov Laçın dağlarında kəklikotu, ətotu, qantəpər, çobanyastığı, zəncirotu, Solmazçiçəyi, dazıotu, çaşır, qarayarpız, qurdotu və digər müalicəvi bitkilərin yetişdiyini deyir: “Solmazçiçəyi çox faydalı bitki sayılır. Ona görə ki, bu çiçək 3 min metr yüksəklikdə yetişir. Laçında bitən Solmazçiçəyi isə tərkibinə görə çox fərqlənir“.
Onun sözlərinə görə, əvvəl bu işlə fərdi qaydada məşğul olub. Sonra Bakı Abadlıq Xidmətinin dəstəyi ilə prosesə işçilər cəlb edilib: “Mövsümə uyğun olaraq, zəncirotu, baldırqan, şoşan, yarpız, kəklikotu və digər bitkiləri yığırıq, onları qablaşdıraraq satışını gerçəkləşdiririk. Gələcəkdə ola bilər ki, işlərin həcminə görə əməkdaşların sayı artsın. Bu, məşğulluğun təmin olunmasına yol açır. Bizim üçün əlavə yer ayrılıb. Tədarük etdiyimiz bitkiləri həmin yerdə saxlayırıq və qablaşdırılan məhsullar ölkəmizin digər bölgələrinə çatdırılır”.
Qeyd edək ki, Laçının şəfalı bitkiləri artıq “Can Laçın“ adı ilə tanınır. Laçında yaradılan mərkəzdə bu bitkilər qablaşdırılmış formada həm yerli sakinlərə, həm də qonaqlara təqdim olunur.
Xatırladaq ki, Azərbaycanın dilbər guşəsi olan Laçın təbiəti, havası, suyu, münbit torpaqları ilə diqqət çəkir, bu yerlər zəngin bitki örtüyü ilə seçilir.
