Prezident İlham Əliyevin Naxçıvana səfəri çox önəmli bir zamanda baş verir. Çünki son dövrlərdə TRIPP layihəsi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) ilə bağlı çoxsaylı müzakirələr aparılır və müxtəlif planlar qurulur. TRIPP layihəsi artıq bizim üçün Zəngəzur dəhlizinin açılması deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizinin Naxçıvandan keçən digər hissəsinin də modernləşdirilməsi vacibdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfəri həm Avropa İttifaqının, həm də ABŞ siyasətçilərinin diqqətini yenidən Zəngəzur dəhlizinə cəlb edir.
“Prezident İlham Əliyev Naxçıvanda bir sıra önəmli açılışlar etdi, eləcə də Naxçıvan Sənaye Parkının təməlini qoydu, Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında, Muxtar Respublikanın dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldu. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Bu da Muxtar Respublikanın inkişafı, Naxçıvanın regionda “logistika habına” çevrilməsi deməkdir”, – deyə F.İsmayılzadə qeyd edib.
O vurğulayıb ki, dövlət başçısının Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın regiondakı mövqelərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu addımlar Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşmasına, eləcə də Azərbaycan üzərindən Şərq-Qərb əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verir.
Deputatın sözlərinə görə, Naxçıvanın inkişafı ilə bağlı çox böyük planlar qurulur, bu istiqamətdə dövlət vəsaiti ayrılır, beynəlxalq donorların da geniş planları var.
“Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm dövlət proqramları və tədbirlər planları qəbul edilib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Ümumiyyətlə, hesab edirəm ki, Naxçıvanı, həmin bölgəni, Şərqi Zəngəzuru və Qarabağ bölgəsini böyük inkişaf gözləyir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
