Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri hazırkı dövrdə xüsusi diqqət çəkən məsələlərdəndir. Bu səfər həm iqtisadi, həm siyasi, hərbi sənaye, həm də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni razılaşmaların əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, Ukrayna–Azərbaycan əlaqələri siyasi, iqtisadi, enerji və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq üzərində qurulub. Ümumilikdə Azərbaycan təkcə Ukrayna ilə deyil, bütün ölkələrlə əməkdaşlığa böyük önəm verir. Bu yanaşma göstərir ki, ölkəmiz yalnız qonşuluq münasibətlərinə deyil, eyni zamanda, regiondan kənar dövlətlərlə əlaqələrin inkişafına da xüsusi diqqət ayırır.
“Müharibə dövründə Ukraynadan olan uşaqların reabilitasiyası məqsədilə onların Azərbaycana gətirilməsi təşəbbüsünü Azərbaycan öz üzərinə götürmüşdü. Bu çərçivədə bir sıra humanitar layihələr həyata keçirildi və Ukrayna uşaqlarının mütəmadi olaraq Azərbaycana gəlməsi bu prosesə müsbət töhfə verdi. Azərbaycan, həmçinin enerji məsələləri ilə bağlı Ukraynaya dəstək göstərib. Ölkədə fəaliyyət göstərən iri Azərbaycan şirkətləri də iki ölkə arasında əlaqələrin canlı saxlanmasına və inkişafına öz töhfələrini verir”, – deyə N.Həsənov vurğulayıb.
“Azərbaycan müstəqil dövlət kimi öz milli maraqlarını qoruyur və həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq münasibətlərdə fəal iştirak edir. Ölkə beynəlxalq səviyyədə tanınmış bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini daim nümayiş etdirir.
Azərbaycan münaqişələrdə tərəf tutmayan, balanslaşdırılmış xarici siyasət yürüdərək bütün tərəflərlə əməkdaşlığa üstünlük verir. Heç bir hərbi bloka qoşulmayan ölkə, o cümlədən Rusiya–Ukrayna müharibəsində problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır.
