Bakı Slavyan Universitetində (BSU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə BSU-da polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunan “Dil-dialoq məkanı kimi: Azərbaycan-Polşa münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra iştirakçılar BSU-da təşkil edilən “Azərbaycan-Polşa memarlıq əlaqələri: XIX-XX əsrlər” adlı sərgi ilə tanış olublar.
BSU-nun rektoru Anar Nağıyev çıxışında bildirib ki, 1996-cı ildən tədrisinə başlanan polyak dili Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə BSU-nun yaradılması ilə bağlı imzaladığı Sərəncamı ilə inkişaf yoluna qədəm qoyub. Otuz il əvvəl əsası qoyulan polonistika ənənəsi bu gün artıq möhkəm akademik əməkdaşlığa çevrilib.

Mart ayı ərzində BSU-nun 25 tələbəsi Polşada mübadilə proqramlarında iştirak edəcək
A.Nağıyev qeyd edib ki, bu gün BSU Poznan, Lödz, Varşava, Silezya, Krakov, Qdansk və Polşanın digər universitetləri ilə polyakşünaslıq, turkologiya, inklüziv təhsil kimi sahələrdə yaxından əməkdaşlıq edir. 2026-cı ilin mart ayı ərzində polyak dili proqramlarında təhsil alan 25 nəfər (bu ixtisaslarda təhsil alan ümumi tələbə sayının 25 faizə yaxını) Polşanın müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edəcək.
Rektor bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri 30 illik inkişaf mərhələsi çərçivəsində universitetin region üzrə polyak dili üzrə ilk və yeganə sertifikasiya mərkəzi kimi fəaliyyət göstərməsinə nail olmaqdır. Universitetin 80 illik yubileyi və polyak dili tədrisinin 30 illik inkişaf yolu münasibətilə keçirilən tədbir təkcə BSU-nun deyil, əməkdaşlıq edilən Polşa universitetlərinin də ortaq bayramıdır.
BSU-da slavyan dilləri yüksək səviyyədə tədris olunur
Adam Mitskeviç Universitetinin rektoru Boqumila Anna Kanievska, Sileziya Universitetinin Polyak Dili və Mədəniyyəti Məktəbinin direktoru Yolanta Tambor və digər qonaqlar, habelə BSU-nun əməkdaşları iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən, tarixindən danışıblar. Vurğulayıblar ki, bu yubiley təkcə Azərbaycan üçün deyil, həm də Polşa üçün əlamətdar tarixdir və hər iki xalqın dostluğunu əks etdirən bayram kimi qiymətləndirilir. Qonaqlar 30 il əvvəl Azərbaycanın tarixi vəziyyətindən danışaraq, bu gün ölkənin keçdiyi inkişaf yolunu xüsusi qeyd ediblər. Onlar BSU-da slavyan dillərinin yüksək səviyyədə tədris olunduğunu, universitet məzunlarının müxtəlif ölkələrdə Azərbaycanı uğurla təmsil etdiyini bildiriblər.

BSU ilə Adam Mitskeviç Universiteti arasında elmi-akademik əlaqələr genişləndiriləcək
Daha sonra BSU ilə Adam Mitskeviç Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd iki ali təhsil müəssisəsi arasında elmi-akademik əlaqələrin genişləndirilməsini, tələbə və müəllim mübadiləsinin inkişafını, birgə tədqiqat və layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Tədbir Polşadan dəvət olunmuş mütəxəssislərin tələbələr üçün mühazirələri ilə davam edib.
