Tibbi Tədris-Simulyasiya Mərkəzinin əsas auditoriyasını orta tibb işçiləri, həkimlər, gənc həkimlər, rezidentlər və əlbəttə ki, təcrübəli həkimlər təşkil edir. Burada keçiriləcək təlimlərdə məhz bu kateqoriyadan olan əməkdaşlar iştirak edəcəklər. Planımız ondan ibarətdir ki, ildə ən azı bir dəfə bütün əməkdaşlarımız – klinikamızın həkimləri, təcili tibbi yardım həkimləri və orta tibb işçiləri – bu təlimlərə cəlb olunsunlar. Təlimlər mərkəzimizin ekspertləri tərəfindən keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Klinikanın direktoru Zəhra Vəzirova deyib.
“Ən vacib məqamlardan biri isə odur ki, hər bir təlimin sonunda mütləq qiymətləndirmə aparılacaq. Bu, simulyasiya tədrisinin ən mühüm və ayrılmaz tərkib hissələrindən biridir. Hesab edirəm ki, Tibbi Tədris-Simulyasiya Mərkəzinin yaradılması və istifadəyə verilməsi sadəcə bir neçə otağın açılması demək deyil. Əsas məqsəd də bu deyil. Bu, səhiyyəyə və xəstələrin təhlükəsizliyinə qoyulan investisiyadır. Məhz bu amil də bizim əsas hədəfimizdir”,- deyə direktor vurğulayıb.
