Dövlət Departamenti Səudiyyə Ərəbistanına pilotların təlimi, vertolyotların texniki xidməti və digər maddi-texniki dəstək xidmətləri üçün 1 milyard dollar məbləğində mümkün təminat verməyə icazə verib. Bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında hərbi texnika və silahların xaricə satışına cavabdeh olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Onun açıqlamasına görə, ABŞ Dövlət Departamenti Krallığa vertolyot pilotlarının hazırlanması və müvafiq avadanlıqların verilməsi üçün 500 milyon dollar məbləğində razılıq verib. Bunlara AH-64E Apache, CH-47F Chinook, UH-72A Lakota, UH-60L Black Hawk və UH-60M Black Hawk helikopterləri daxildir. ABŞ həmçinin müxtəlif vertolyot növləri üçün təxminən 500 milyon dollarlıq texniki xidmət göstərilməsini təsdiqləyib.
Bundan əlavə, Dövlət Departamenti Bəhreynə 445 milyon dollar dəyərində F-16 təyyarələrinə texniki xidmət və avadanlıq xidmətləri göstərməyə icazə verib.
Vaşinqton administrasiyası artıq bu qərarlarla bağlı Konqresə məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşmələri nəzərdən keçirmək və onları bloklamaq barədə düşünmək üçün 30 günü var. Pentaqon əmin edib ki, bu xidmətlərin göstərilməsi ABŞ-ın hərbi hazırlığına zərər verməyəcək. (Tass)
