Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının növbəti ildönümü -Demokratiya və Milli Birlik Günü ilə bağlı anım tədbirləri hər il təkcə qardaş ölkədə deyil, Azərbaycan da daxil olmaqla bütün Türk dünyasında geniş şəkildə qeyd olunur. Bu cür tədbirlər ortaq tariximizə, sarsılmaz həmrəyliyimizə, həm sevincli, həm də kədərli günlərimizə olan sonsuz ehtiramın və qardaşlıq bağlarının bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Deputat qeyd edib ki, 15 İyul hadisələri böyük itkilərlə yadda qalsa da, eyni zamanda, Türkiyə tarixində qəhrəmanlıq salnaməsidir. Onun sözlərinə görə, həmin hadisələr zamanı türk xalqı dövlətçiliyin müdafiəsində birlik nümayiş etdirib.
Deputat Türkiyənin son illərdə sürətli inkişaf yolunda irəlilədiyini, beynəlxalq nüfuzunun və qlobal proseslərdə rolunun daha da artdığını vurğulayıb.
