Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi Azərbaycanın urbanizasiya və memarlıq sahəsində artıq yeni mərhələyə daxil olduğunu göstərir. Müasir dövrdə memarlıq yalnız daş, beton və şüşədən ibarət deyil. O, insanların psixologiyasına, davranışına, sosial münasibətlərinə və hətta iqtisadi fəallığına təsir edən mühüm vasitədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dekanı, dosent Sabir Məmmədov bildirib.
“Ənənəvi memarlıqda məqsəd bina tikmək idisə, müasir memarlıqda əsas olan insan üçün rahat mühit yaratmaqdır. Bu baxımdan, WUF-13-də müzakirə olunacaq əsas istiqamətlərdən biri “insan mərkəzli memarlıq” olacaq. Müasir şəhərsalma elmi göstərir ki, plansız böyüyən şəhərlər zaman keçdikcə iqtisadi və sosial problemlərlə üzləşir. Çünki xaotik tikinti sıxlıq yaradır, nəqliyyatı çətinləşdirir, ekoloji tarazlığı pozur və insanların şəhərlə emosional bağını zəiflədir. Buna görə də gələcəyin şəhərlərində “kompakt şəhər modeli” daha çox əhəmiyyət qazanır. Bu modeldə yaşayış, iş, təhsil və istirahət zonaları bir-birinə yaxın yerləşdirilir ki, insanlar gündəlik həyatlarında daha az vaxt və enerji sərf etsinlər”,- deyə S.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, WUF-13 çərçivəsində memarlığın iqlim dəyişikliyi ilə əlaqəsi də əsas müzakirə mövzularından biri olacaq. Çünki dünya üzrə karbon emissiyasının böyük hissəsi məhz tikinti sektoru və binaların enerji sərfiyyatı ilə bağlıdır. Buna görə də müasir memarlıqda “yaşıl bina” anlayışı ön plana çıxır. Yaşıl binalar daha az enerji istifadə edir, günəş panellərindən faydalanır, yağış sularını təkrar emal edir və təbii havalandırma sistemləri ilə işləyir.
“Bakı üçün bu Forumun önəmi ondadır ki, şəhər artıq yalnız regional mərkəz kimi deyil, beynəlxalq urbanizasiya laboratoriyası kimi təqdim olunur. Burada qədim memarlıq nümunələri ilə müasir tikililər arasında fərqli bir sintez mövcuddur. İçərişəhərin tarixi məkanı ilə müasir biznes mərkəzlərinin yanaşı yerləşməsi göstərir ki, şəhər keçmişini qoruyaraq gələcəyə doğru inkişaf edir. İçərişəhər, Şirvanşahlar Sarayı və Heydər Əliyev Mərkəzi kimi memarlıq nümunələri fərqli dövrlərin estetik baxışlarını əks etdirir. Bu nümunələr göstərir ki, memarlıq yalnız forma deyil, həm də milli kimlik, tarixi yaddaş və siyasi baxışların ifadəsidir.
Məhz buna görə Prezident İlham Əliyev tərəfindən Qarabağda həyata keçirilən yenidənqurma layihələri WUF-13 üçün də vacib nümunədir. Çünki burada şəhər və kəndlər yalnız bərpa olunmur, eyni zamanda daha müasir, rahat və dayanıqlı şəkildə yenidən qurulur”,- deyə dosent vurğulayıb.
O sonda əlavə edib ki, gələcəyin ən güclü şəhərləri ən böyük binalara sahib olan deyil, insan üçün ən rahat, təhlükəsiz və dayanıqlı mühiti quran şəhərlər olacaq. Memarlığın əsas məqsədi isə sadəcə şəhəri böyütmək deyil, şəhərdə yaşayan insanın həyat keyfiyyətini yüksəltməkdir.
