Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
E.Hüseynov azad edilmiş torpaqların bərpasına ayrılan dövlət büdcəsi vəsaitlərinin həm də regionda yeni özəl investisiya dalğası yaratdığını diqqətə çatdırıb:
“Bu istiqamətə yönəldilən büdcə vəsaitləri çoxlu sayda əlavə kapital, xüsusilə də özəl investisiyalar cəlb edir. Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye zonaları, həmçinin Prezident İlham Əliyev tərəfindən tətbiq edilən iqtisadi güzəştlər sistemi və investisiyaların təşviqi mexanizmləri bu prosesi sürətləndirir. Bu stimullar imkan verir ki, ərazilərin bərpasında təkcə dövlət resursları deyil, həm də özəl sektorun kapitalı fəal şəkildə səfərbər olunsun. Bu yanaşma artıq real və uğurlu nəticələrini verməkdədir”.
Xüsusi nümayəndə regionun sənaye potensialını əks etdirən Ağdam Sənaye Parkı ilə bağlı konkret rəsmi statistik rəqəmləri təqdim edib:
“Fəaliyyətə başlamasından cəmi 5 il keçməsinə baxmayaraq, Ağdam Sənaye Parkı artıq respublikanın ikinci en böyük sənaye parkına çevrilmişdir. Park üzrə nəzərdə tutulan ümumi 372 milyon manatlıq potensial investisiya portfelinin demək olar ki, yarısı — yəni 160 milyon manatlıq hissəsi artıq real olaraq layihələrə yatırılıb. Tam icrası zamanı 2 500-dən çox daimi iş yerinin açılması planlaşdırılan sənaye parkında hazırda 1 000-dən çox sakin artıq işlə təmin olunub”.
Açılan iş yerlərinin sosial əhəmiyyətinə və məşğulluğa təsirinə toxunan iqtisadiyyat rəsmisi, prosesin “Ləyaqətli Qayıdış”ın təməl sütunu olduğunu vurğulayıb:
“Bu müəssisələrdə çalışanların mütləq əksəriyyəti məhz Ağdam şəhərinə və ətraf kəndlərə köç etmiş yerli sakinlərdir. Bu mənzərə azad edilmiş ərazilərə insanların sadəcə köçürülməsinin deyil, beynəlxalq standartlara uyğun ‘ləyaqətli qayıdış’ modelinin ən bariz nümunəsidir. Soydaşlarımız öz doğma yurdlarında dayanıqlı iş yerləri ilə təmin olunur, rəsmi əməkhaqqı alır və ailələrinin firavan həyatını birbaşa öz torpaqlarında qururlar”.
