ABŞ-ın İrana qarşı təcavüzündə iştirak edən və ya İslam Respublikasına hücumları asanlaşdıran istənilən ölkə İran silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək. Bunu xarici işlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Çolpon-Atada keçirilən iclasında bildirib.
İran Xarici İşlər Nazirliyinin Telegram kanalı Əraqçinin sözlərinə istinadən bildirib ki, “İran ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləyir və bəyan edir ki, İrana qarşı təcavüzdə hər hansı iştirak, əməkdaşlıq və ya yardım iştirak edən tərəflər üçün beynəlxalq məsuliyyət daşıyacaq”. O əlavə edib ki, Tehran özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır və təcavüzdə iştirak edən hər hansı bir tərəfi silahlı qüvvələri üçün qanuni hədəf hesab edəcək.
İranın xarici işlər naziri ŞƏT ölkələrini birləşməyə və əməkdaşlığa çağıraraq onları “diplomatiyanı təcavüzə, qanunu gücə və ədaləti ikili standartlara” yol verməməyə çağırıb. “Təhlükəsiz, sabit və ədalətli gələcək yalnız hamımız qanunun aliliyini, dövlətlərin bərabərliyini, ölkələrin suverenliyinə hörməti və xalqların ləyaqətini müdafiə etməkdə birləşdiyimiz zaman əldə edilə bilər”, – deyə o əlavə edib. (Tass)
