Ermənistana münasibətdə qərb ölkələri və beynəlxalq qeyri-hökumət təşkilatları həmişə daha loyal mövqe tutublar və onların Ermənistanın insan hüquqlarını pozması ilə bağlı hesabatları, bizim ölkə ilə bağlı hesabatlarla müqayisədə daha yumşaq olur. Bunun bir sıra səbəbləri var. Eyni zamanda, indiki Ermənistan hakimiyyətinin guya qərbyönümlü siyasət aparması və Avropaya inteqrasiya etməsi nəzərə alınaraq, bu ölkədə insan hüquq və azadlıqlarının total və sistematik şəkildə pozulması ilə bağlı hesabatlar yenə də müəyyən qədər yumşaq təqdim edilir. Amma bu o demək deyil ki, yoxdur. Məsələn, Birləşmiş Millətlər Təşkilatının 9 müqavilə orqanı mövcuddur və Ermənistan bu 2 pakt və 7 konvensiyadan irəli gələn razılaşmaların 8-nə qoşulub. Həmin dövlət də bizim kimi bu orqanlara vaxtaşırı hesabat verir. Onlarla bağlı komitələrin çox sərt narahatlıq ifadə edən yekun müşahidə sənədləri mövcuddur. Məsələn, İnsan Hüquqları Komitəsi, İşgəncələrə Qarşı Komitə, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi üzrə Komitə, Uşaq Hüquqları Komitəsi, Əlillərin Hüquqları üzrə Komitə və qadınlara qarşı ayrı-seçkiliklə mübarizə aparan komitələrin sənədlərində Ermənistandakı insan hüquqlarının total və sistematik pozulmasına dair ciddi iradlar yer alır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Hüquq müdafiəçisi bildirib ki, bu sənədlərdə yaşamaq hüququndan başlayaraq işgəncələrdən qorunma, sosial hüquqlar, qadınların hüquqları və digər sahələr üzrə çoxsaylı tənqidlər ifadə olunur. Lakin buna baxmayaraq, xüsusən ABŞ Dövlət Departamentinin yanında USAID-dən birbaşa maliyyə alan “Freedom House” adlı qondarma qurumun hesabatlarında Ermənistan qismən azad ölkə kimi göstərilir, guya burada söz azadlığı mövcuddur, repressiyalar və siyasi fəaliyyətə maneələr yoxdur kimi təsəvvürlər yaradırlar. Yaxud da cüzi iradlar bildirirlər. Digər təşkilatlar da hesabatlarında nə qədər yumşaq olsa da, Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı kifayət qədər faktları öz sənədlərində qeyd edirlər. O cümlədən 44 günlük müharibə dövründə Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinə, Ermənistan hərbçiləri və siyasi rəhbərliyinin törətdiyi hüquq pozuntularına dair faktlar da həmin hesabatlarda yer alıb. Bizim əsir götürülmüş şəxslərimizə münasibətdə açıq işgəncə halları ilə bağlı faktlar da bütün hesabatlara daxil edilib. Bununla bağlı işgəncələr əleyhinə komitənin Ermənistana iradları və günahkarların cəzalandırılması ilə bağlı tələbləri də var. Eyni zamanda, bizim təxminən 4 minə yaxın itkin düşmüş həmvətənimiz, – mülki şəxslər, uşaqlar, qadınlar, yaşlılar və hərbçilər, – girov götürülüb və ağır işgəncələrə məruz qalaraq, ləyaqətləri alçaldılaraq öldürülüblər.
“Ermənistanda kilsə ilə hakimiyyət, həmçinin siyasi partiyalarla hakimiyyət arasında münaqişə var. Davam edən bütün bu gərginlik fonunda insan hüquqlarının pozulması hallarına rast gəlinir və onlar müəyyən sənədlərdə öz əksini tapır. Bütün bunlara baxmayaraq, Ermənistanı dünyaya guya demokratik dəyərlərə hörmət edən dövlət kimi təqdim etməyə çalışan qüvvələr mövcuddur və müəyyən mənada buna qismən də olsa nail olurlar. Lakin, əslində, Ermənistanın insan hüquqlarını total və sistematik şəkildə pozan ölkələr sırasındadır”, – deyə S.Məmmədov əlavə edib.
