Müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda baş verən hadisələri təhlil etdikdə hegemonluq siyasətinin zamanla formasını dəyişsə də, mahiyyətinin olduğu kimi qaldığı görünür. Bir dövrdə “sivilizasiya missiyası”, digər dövrdə “insan haqları”, başqa bir mərhələdə isə “etnik qohumların müdafiəsi” adı altında təqdim olunan siyasətlər əslində eyni məqsədə, yəni siyasi nəzarətə, ərazi genişlənməsinə və demoqrafik “mühəndisliyə” xidmət edir. Bu baxımdan klassik Avropa kolonializmi və irredentist siyasət həyata keçirən Ermənistan arasında ciddi siyasi paralellər mövcuddur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Fransa 1946-cı ildə “koloniya” sözünü IV Respublikanın Konstitusiyası qəbul edilərkən sənəddən çıxarıb, yerinə “dənizaşırı ərazilər” və “dənizaşırı departamentlər” terminlərini gətirib. Beləliklə, mahiyyət dəyişmədən forma dəyişdirilib. Koloniya artıq “Fransanın ayrılmaz hissəsi” adlandırılıb. Bununla həm BMT tərəfindən olan beynəlxalq təzyiq azaldılıb, həm də dekolonizasiya prosesindən yayınmağa çalışılıb. “Yəni sistem universal dəyərlərdən selektiv şəkildə istifadə edib. Avropa dövlətləri mərkəzdə azadlıq və bərabərlikdən danışır, koloniyalarda isə milyonlarla insanı hüquqlardan məhrum edirdilər. Həmçinin ermənipərəst irredentist dairələr insan hüquqları terminologiyasından istifadə etsələr də, həmin hüquqları yalnız öz siyasi məqsədlərinə xidmət etdiyi qədər müdafiə edirdilər. İnsan haqları burada prinsip deyil, siyasi maska funksiyası daşıyır. Fransanın Afrika irsini muzeylərdə saxlaması ilə Ermənistanın Azərbaycanın mədəni irsinə münasibəti arasında ciddi paralellər mövcuddur. Hər iki halda məqsəd yalnız fiziki obyektlərə nəzarət deyil, həm də tarixi yaddaşa, milli kimliyə yönəlmiş vandalizmdir”, – deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva 2018-ci ildə Benedikt Savoy və Felvin Sarr tərəfindən təqdim olunan hesabatı xatırladaraq bildirib ki, sözügedən sənədlərdə Afrikanın mədəni irsinin təxminən 85–90 faizinin hələ də qitədən kənarda saxlanıldığı qeyd olunub. “Le Monde”nin araşdırmasına əsasən, Afrikaya məxsus 90 mindən çox artefakt Paris muzeylərində sərgilənir. Hesabatda xüsusilə kolonial dövrdə icazəsiz şəkildə aparılan artefaktların geri qaytarılmalı olduğu vurğulanıb. Bu fakt klassik kolonializmin əsas xüsusiyyətidir, yəni işğal yalnız torpaq və resursların deyil, həm də tarixin və mədəniyyətin mənimsənilməsidir. Kolonial güclər anlayırlar ki, bir xalqın keçmişinə nəzarət etmək, onun gələcəyinə nəzarət etməyin ən təsirli yollarından biridir. O deyib: “Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi siyasətdə də eyni məntiq görünürdü. Məscidlərin, qəbiristanlıqların, türbələrin və dini abidələrin dağıdılması yalnız vandalizm aktı deyil. Bu, Azərbaycanın həmin ərazilərlə tarixi və mədəni bağlarını silmək cəhdidir. İslam dini abidələrinin təhqir olunması, dini şəxsiyyətlərin adlarının həkk olunduğu lövhələrin məhv edilməsi və tarixi məkanların sistemli şəkildə dağıdılması bölgənin etnik və mədəni yaddaşını dəyişdirmək məqsədinə xidmət edib”.
