Fransanın Ekologiya Keçidi naziri Monique Barbut, parlamentin, digər məsələlərlə yanaşı, əvvəllər qadağan edilmiş pestisidlərin kənd təsərrüfatında istifadəsinə icazə verən qanun layihəsini qəbul etməsindən sonra istefa vermək niyyətində olduğunu açıqladı. O, bu barədə LinkedIn səhifəsində məlumat verib.
“Son doqquz ay ərzində mən meşələrimizin dincliyini, suyun və havamızın təmizliyini, torpaqlarımızın sərvətlərini və vəhşi təbiətimizin müxtəlifliyini müdafiə etmişəm. Bu gün etiraf etməliyəm ki, buna qarşı çıxan qüvvələr o qədər güclü olub ki, artıq bu siyasəti həyata keçirməyə davam etmək üçün vasitələrim yoxdur. Buna görə də Baş nazirə hökumətdə işləmək üçün şərtlərin artıq qüvvədə olmadığını elan etdim və bu gün istefa ərizəmi Prezidentə təqdim etmək niyyətindəyəm”, – deyə o yazıb.
Barbut bildirib ki, onun departamenti əvvəlcə Kənd Təsərrüfatı Nazirliyi ilə kənd təsərrüfatı sektorunun qorunması üçün təcili tədbirlər haqqında qanun layihəsinin “balanslaşdırılmış” mətni barədə razılığa gəlib, lakin parlament müzakirələri zamanı bu balansın pozula biləcəyi barədə xəbərdarlıq edib. Cavab olaraq, ona müəyyən pestisidlərin istifadəsinə icazə bərpa olunarsa, mətnin geri götürüləcəyinə dair zəmanət verilib, lakin bu baş verməyib. Bundan əlavə, “vədlərinə zidd olaraq, hökumət Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiqlənmiş bu düzəlişin ləğvi ilə bağlı müzakirənin qarşısını alıb”. (Tass)
