İsrail Prezidenti İsxak Hersoq Səudiyyə Ərəbistanı ilə sülhün imzalanmasını arzuladığını bildirib. Ritorika.az xəbər verir ki, o, ABŞ-ın Newsweek jurnalına müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla sülhün qeyd olunmasının onun “ən böyük arzularından biri” olduğunu deyib.
Prezidentin sözlərinə görə, “islamın beşiyi və yəhudiliyin beşiyi birləşdikdə dünyanı dəyişmək gücünə malikdir”. Hersoq hesab edir ki, Ər-Riyadla sülh təkcə onun üçün deyil, bütün region üçün “tarixi hadisə” ola bilər. O əlavə edib ki, “Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan keçir”.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman isə 18 noyabrda ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı bildirib ki, Riyad İsraillə münasibətlərin normallaşmasına başlamaq üçün “qaytarılması mümkün olmayan, etibarlı və vaxtı müəyyən edilmiş yol xəritəsi”nin, yəni Fələstin dövlətinin yaradılmasına aparan real prosesin təmin edilməsini tələb edir.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında ABŞ-ın vasitəçiliyi ilə İsrail BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması barədə “İbrahim sazişləri”nə qoşulub. Daha sonra Mərakeş və Sudan da İsraillə münasibətləri bərpa etdiklərini açıqlayıb. Bu razılaşmalaradək İsrailin ərəb ölkələri ilə diplomatik əlaqələri yalnız Misir və İordaniya ilə mövcud idi.
Ritorika.az
