Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” peşə təhsili sahəsində yeni keyfiyyət mərhələsinin əsasını qoyur. Sənəd ölkənin davamlı inkişafının təmin olunması baxımından konseptual əhəmiyyət kəsb edir. Tədbirlər Planında məşğulluq sahəsi, əmək bazarının tənzimlənməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi ilə yanaşı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimai Şurasının sədri Hikmət Əlizadə deyib. O bildirib ki, sənəddə nəzərdə tutulan mühüm yeniliklərdən biri “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılmasıdır: “Müasir dövrdə yeni peşələr yaranır, həmin peşələrə tələbat artır, ənənəvi peşələr isə məzmun baxımından təkmilləşir. Atlas yalnız peşələr haqqında məlumat verməklə kifayətlənməyəcək. İşsiz və işaxtaran şəxslər əmək bazarında, xüsusilə yeni peşələr üzrə hansı bilik və bacarıqların tələb olunduğunu, onları hansı karyera imkanlarının gözlədiyini öyrənə biləcəklər”.
Ekspert diqqətə çatdırıb ki, əmək bazarının tələbləri əsasında yeni proqramların yaradılması peşə və kvalifikasiya standartlarının davamlı yenilənməsini aktuallaşdırır.
Tədbirlər Planında yaşıl iqtisadiyyata keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi xüsusi yer tutur. Dünyada ekoloji problemlərin aktuallaşması ekoloji tarazlığın qorunmasına töhfə verə biləcək kadrların hazırlanmasını zəruri edir. Bu məqsədlə yeni peşə hazırlığı proqramlarının hazırlanması, mövcud proqramların məzmununa yenidən baxılması və bu istiqamətdə zəruri bacarıqlara malik kadr potensialının gücləndirilməsi nəzərdə tutulur.
İctimai Şuranın sədri qeyd edib ki, sənəd peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsini də tələb edir. Müasir tələblərə uyğun sənayeyönümlü ixtisasların müəyyənləşdirilməsi və tədrisi peşə təhsilinin inkişafında böyük əhəmiyyət kəsb edir. Sənaye müəssisələrinin tələblərinə uyğun kadr hazırlığının təmin olunması həm əmək bazarının ehtiyaclarının ödənilməsinə, həm də peşə təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək.
H.Əlizadənin sözlərinə görə, sənəddə əmək bazarının tələblərinə uyğun beynəlxalq sertifikat proqramlarının yaradılması da nəzərdə tutulur: “Bu, xüsusilə müəyyən peşələr üzrə kadr hazırlığının yeni inkişaf mərhələsinə keçidi üçün böyük imkanlar açır. Hesab edirəm ki, belə proqramların tətbiqi peşə təhsili sahəsində rəqabəti gücləndirəcək və kadr hazırlığının keyfiyyətinin artmasına təkan verəcək”.
İctimai Şuranın sədri bildirib ki, dual peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi də prioritetlər sırasındadır, bu yanaşma təhsilalanların peşə məktəbində nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, real iş yerlərində praktiki təcrübə qazanmasını təmin edir. Təhsil müəssisəsi ilə istehsalat arasında əməkdaşlığın genişlənməsi nəticəsində nəzəriyyə ilə praktikanın vəhdəti daha dərindən təmin olunur, işəgötürənin prosesdə iştirakı isə daha keyfiyyətli kadr hazırlığına və karyera imkanlarının genişlənməsinə şərait yaradır.
Hikmət Əlizadə qeyri-formal və informal təhsil vasitəsilə əldə olunan bacarıqların tanınması sisteminin təkmilləşdirilməsini peşə təhsili sahəsində mühüm yeniliklərdən biri kimi qiymətləndirib. O bildirib ki, ölkədə gənclərin bu təhsil formaları vasitəsilə bilik və bacarıqlar əldə etməsi təcrübəsi artıq formalaşıb. Həmin bacarıqların tanınması mexanizminin təkmilləşdirilməsi qeyri-formal və informal təhsilin inkişafında yeni mərhələnin başlanmasına təkan verə bilər.
“Peşəyönümü üzrə məsləhət xidmətlərində rəqəmsal həllərin tətbiqi də Tədbirlər Planında xüsusi diqqət yetirilən məsələlərdəndir. Müasir dövrdə vaxt amilinin ön plana çıxması elektron xidmətlərin əhəmiyyətini daha da artırır. Bu baxımdan rəqəmsal platformalar vasitəsilə peşəyönümü üzrə məsləhət xidmətlərinin göstərilməsi gənclərin daha düzgün peşə seçimi etmələrinə, eləcə də gələcəkdə perspektivli ixtisaslar üzrə təhsil almalarına imkan yaradacaq. Bu istiqamətdə yaradılacaq xidmətlərin gələcəkdə geniş istifadəçi auditoriyası qazanmaq və uğurlu bir modelə çevrilmək potensialı mövcuddur”, – deyə İctimai Şuranın sədri əlavə edib.
